Nəhayət, artıq dünyada özünü təsdiqlətməkdə olan VAR sistemi də Azərbaycana gələ bilər.
Axır vaxtlar bu sistem futbol matçları zamanı bir sıra taleyüklü qərarların verilməsində istifadə olunub.
Onun futbolumuzda tətbiqi müsbət qərardı. Lakin VAR-a ciddi ehtiyac yalnız futbol rəqabəti gücləndiyi vaxt daha böyük fayda verə bilər və buna çalışmaq lazımdı.
Problem də bundadı. Premyer Liqa rəqabətsiz keçir, oyunlarda gərginlik yox dərəcəsindədi. Temp çox aşağıdı.
Artıq «Qarabağ» da o birilərə qoşulub, palaza bürünüb elnən sürünür. Heç ötən il də belə deyildi.
«Qarabağ» rəqiblərindən ikibaş güclü görünürdü, istədiyi oyunu istədiyi hesabla başa vururdu. Kefi düşəndə üç qol vururdu, beş qol vururdu, istəməyəndə də 1-2 qolla kifayətlənirdi.
Aradan uzun müddət ötməyib, «Qarabağ» digər iştirakçıların səviyyəsinə enib. VAR sisteminin tətbiqi ilə Premyer Liqanı rəqabətədavamlı hala gətirmək qeyri-mümkündü.
Statistik rəqəmlər göstərir ki, çempionat oyunları zamanı topun meydanda qaldığı sürəc 30-32 dəqiqəni keçmir. 1,5 saatın əsas bölümü hakim fitinə qurban gedir.
Avropada elə bir çempionat yoxdu ki, Azərbaycandakı kimi topun meydanda qalma faizi bu qədər aşağı olsun.
Hər xırda fola görə oyunun dayandırılması cəhənnəm olsun! Qərəz baş alıb gedir.
Fritz Stuxlik hakimlərin başına gətirilib, 7 aya yaxındı bu sahənin əsas simasıdı. Avstriyalı sədr ya bəzi şeyləri bilmir, ya da bilmək istəmir.
Stuxlikin kölgəsində fırlanan bir qrup dəllal var ki, onun etibarından sui-istifadə edib, gənc hakimlərin üzərindən müəyyən klublarla «bazarlığa gediblər».
VAR bunlara neyləsin? Eyni adamlardı, VARsız da bu işləri görürlər, VAR olandan sonra da bu işləri görəcəklər.
Dəyişəcəklər ki? Qozbeli qəbir düzəldər.
VAR çox pul aparan sistemdi. Türkiyə kimi varlı ölkənin federasiyası bu yeniliyin tətbiqi üçün bir xeyli əziyyət çəkdi, tərlədi.
Şübhəsiz, AFFA-nın VAR-ı Premyer Liqaya gətirməsi neft şirkətinin milyonları hesabına mümkün ola bilər.
Düzdü, elə oyun olmur ki, hakim qərəzi, tərəfkeşliyi, ümumiləşdirsək, səhvləri göz deşməsin. Bu kimi hallar get-gedə geniş vüsət almaqdadı.
Sabah VAR-ın tətbiqinə başlandı, komputer sisteminin arxasında robot əyləşməyəcək ki…
Yenə Stuxlikin başı üzərindən «alış-veriş»ə girişənlər ora öz kadrlarını yerləşdirəcək.
AFFA yeni sistem barədə planlar qurmaqdan əvvəl hakimlərdən çirkin məqsədləri üçün istifadə edənləri bu ətrafdan uzaqlaşdırmalıdı.
MUSA

