«Qarabağ»dan danışılacaq, irad tutulacaq o qədər şey var ki… Tut ucundan, göyə çıx.
Qurban Qurbanov «Qarabağ»ın ardıcıl çempionluq sayına altıncı kubokun əlavə olunmasının əleyhinədi.
O, istəmir. Qəti surətdə istəmir.
Gözü qızıl medalda qalan məşqçi günbəgün geriləyən, axırıncı dəfə nə vaxt qol vurmasını xatırlamayan Mahir Mədətovun üstündə hamıyla düşmən olmaz.
Mahir ideal formasından uzaqdı və qışdan bu yana göstərdiyi oyun onun ehtiyatda qalmasına kifayətdi.
Nə məsələdisə, Qurbanov 9 oyuna 5 qol vuran İnnosent Emeqaraya güvənmir, əvəzində sosial şəbəkə ulduzuna çevrilən, bu gün-sabah əlinə mikrafon götürüb müğənnilik etməyə hazırlaşan Mədətovu daim əsas heyətə daxil edir.
Yalnız ona görə ki, Mahirin bir tərəfi Zaqataladandı və bəlkə də qohumluğu çatır?
Mən bu tərəfkeşliyin yerlipərəstlikdən irəli gəlməsinə inanmıram, inanmaq da istəmirəm. Sadəcə, bu, bəndəniz üçün tapmaca olaraq qalmaqdadı.
Dani Kintana cərimə zərbəsindən cari mövsümün bəzəyi sayılacaq qol vurdu. Hər şeyi mükəmməl etdi, bravo!
Daha nə elədi? Heç nə!
İspaniyalı yarımmüdafiəçi bir ayağıyla meydanda gəzişir, nə iti pas verir, nə də rəqibin cərimə meydançası həndəvərində təhlükə yaradır.
Dani sürüşkən futbolu ilə «Qarabağ»ı zəiflədən «zəif bənd»di. Müqayisə eləsəm, «Neftçi»də Platellas ondan daha faydalı iş əmsalına malikdi və komandası üçün çox iş görür.
«Səbail»in futbolu yoxdu, debil günündədi. «Səbail»i bir cərimə, bir də penalti zərbəsiylə üstələyən komanda çempionluğa layiq ola bilməz!
Nədənsə Qurbanov əvəzetmə limitindən maksimum yararlanmır və bununla oyunun gedişatını dəyişmək fürsətini dəyərləndirmir.
O, bununla kimə gözdağı verir, bilən, xəbəri olan var?
Peşəkar Futbol Liqası bu sezon üçün birinci yeri qadağan etsə, «Qarabağ» təşkilatçı quruma minnətdarlıq məktubu göndərməlidi.
Bu kollektivin bir neçə ay sonra ölkəmizi avrokuboklarda təmsil edəcəyini göz önünə gətirsək, Qurbanovu gözləyən fiaskonun əhatə dairəsi məndə dəhşətli pessimizm yaradır.
KAMİL

