"NEFTÇİ": Hara getdi bu özgüvən?

16 Mart 2019 20:36 Köşə 1 047
"NEFTÇİ": Hara getdi bu özgüvən?

«Neftçi» çempionluğa oynayır.

Sonuncu dəfə 2013-cü ildə ölkənin ən güclü ünvanına yiyələnən klub ötən müddət ərzində bu qədər iddialı duruma gəlməmişdi.

Heç buna münbit zəmin də yaranmamışdı. Hazırda belə bir şərait, şans mövcuddu. Lakin və amma…

Sanki ötür-ötür oyunu gedir. Nə müəmmadı, baş açmaq çətindi. Roberto Bordinin komandası son 3 turda 4 xal toplayıb.

Mümkün 9 xalın yarısını əldə edə bilməyən «Neftçi» günahkarı öz içində axtarmalıdı. Bordin kənar təzyiq və təsirlərdən qorunur.

İtalyan hər cür qayğı və diqqət altındadı. İnanmıram ki, o, çalışdırdığı əvvəlki klub bu qədər dəstək görüb.

Belə götürsək, istənilən nəticə baş məşqçinin aktivinə yazılmır. Udanda futbolçular, uduzanda onların «ayağına yazılır».

«Səbail»ə Tural Axundovla başlayan səhv ucbatından yenildilər. Belə bir xətaya Mamadu Mbodj da yol verdi.

Bu dəfə Sumqayıtda. Mbodjun Allahı gətirdi ki, yanlışını vurduğu bərabərlik qoluyla düzəltdi, daha sonra Ömər Buludov qələbə topunu ev sahiblərinin qapısından keçirtdi.

İnsafən həmin Ömər Buludov dünən də yaxşı təsir bağışladı. Oyunboyu fəal və diqqətcil göründü, ikili mübarizələrdə, mövqe paylaşımında inamlı təsir bağışladı.

Ta ki, Monrozun status-kvonu bərabərləşirdiyi epizoda kimi. Asif Məmmədovun uzun hava ötürməsinə o, birinci çatmalıydı.

Gəl ki, təcrübəsi çatmadı. Əllərini yana açsaydı, «Qəbələ»nin fransalı hücumçusu arxasında qalacaq, topu ələ keçirmək üçün onu kənara itələmək məcburiyyətində qalacaqdı.

Buludov bir az da Səlahət Ağayevə arxayın oldu. Məncə, qapıçının 2 xalın əldən çıxmasında «pay»ı Buludovdan daha çoxdu.

Ümumiyətlə, son turlar «Neftçi»nin müdafiə ilə bağlı problemlərinin ciddiliyini bir-birinin ardınca nümayiş etdirir.

Düzdü, bu, qış fasiləsinədək olan «Neftçi» deyil, daha optimal formadadı, oyununu da düzəldib, amma ki, Bordinin birinci zonaya bir çarə qılmağa gecikməsi faktdı.

«Şerif»dən çox yaxşı tanıdığı Petru Rakunu gətirib, di gəl, hələ də oynatmır, ehtiyat skamyaya «bərkidib».

Çempionatın həlledici mərhələsinin davam etdirdiyi bu sürəcdə fərdi səhvlərin durmadan artması məqsədi çempionluq olan komandaya qurşaqdan aşağı zərbədi.

Bu, bir mənasıyla inamsızlığın da səbəb olduğu həyacan siqnalıdı. Bordin taktiki-texniki çalışmalarla yanaşı, psixoloji yöndə də işləməlidi.

Bunu ona son 3 turdakı hadisələr diktə edir.

MUSA

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer