Tərlan Əhmədovun günahı deyil ki…

13 Mart 2019 15:00 Köşə 867
Tərlan Əhmədovun günahı deyil ki…

Tərlan Əhmədov «Keşlə»ni abıra mindirəcək.

O şərtlə ki, Zaur Axundov arxasından iş çevirməsin, vəzifəsi səlahiyyətlərinə hörmətlə yanaşsın, ondan kənara çıxmasın.

Belə etmədiyi müddətdə, o, komandanın ipini yığışdıracaq, nizamlayacaq və yalnız intizam tədbirləriylə, sərt qərarlarla yadda qalmayacaq, həmçinin işini nümayiş etdirəcək.

Xoşagəlməz olaylar, söz-söhbətlər onu yorur. Hələ ruhdan düşməyibsə, «Keşlə»lilər buna sevinməlidi.

Əhmədov o məşqçilərdəndi ki, futbolçuları sözlə ələ almağı bacarır. Psixologiyanı bilməsi çalışdığı hər klubda əlindən çox tutub. AZAL-da da, «Neftçi»də də bu biliyin, bacarığın gücünə irəli gedib.

«Keşlə» balaca klubdu. Azarkeş ordusu yox, tərəfdarı yox, istəyəni yox. Günü sabah fəaliyyətini dayandırsa, üzülən, ağlayan, sızlayan olmayacaq.

«Keşlə» bir «qara qutu»du, xırda akvariumdu. Tərlan Əhmədov bu balaca akvariuma sığmır. Onu incitməyə isə nə Müşahidə Şurasının sədrinin, nə Kamran Ağayevin, nə də başqalarının haqqı çatır.

«Keşlə»nin gələcəyi Tərlan Əhmədovun əlindədi. Zaur Axundov gəldi-gedərdi, son hadisələr rəhbər postda uzun müddət qalmayacağını proqnozlaşdırmaya əsas verir. Dayaqları laxlayıb, qoruyucularının sayı azaıb.

Yoxlamadan əla qiymət almayıb, gümanları doğrultmayıb. Yuxarının haqqındakı rəyi və mövqeyi dəyişib.

Bəlkə də bu vəziyyətdən çıxacaq, yenidən üstdə olacaq. Hələlik isə çox şeyin ondan asılı olmadığı, nəzarətindən çıxdığı medalın görünən üzünü təşkil edir.

«Keşlə»nin düz yola çıxması, düzəlməsi Tərlan Əhmədovun gücü daxilindədi. Yetər ki, ona özünü bu komandanın baş məşqçisi kimi hiss etməsinə şərait yaradılsın.

Əhmədovun günahı deyil ki, hər dərədən yığılan futbolçularla çalışır. Batmaq üzrə olan gəmidə otura-otura onu xilas etmək qeyri-mümkündü. Kayut davasına sonra da qalxmaq olar.

«Keşlə»nin oyunu gah alınır, gah alınmır. Dünən alındı, «Sabah»ın daş-qalaq etdilər. «Sabah» özünə bənzəsəydi, dirəniş göstərsəydi, fərdi səhvləri minimuma endirsəydi, biz indi «Keşlə»nin növbəti uğursuzluğundan danışırdıq.

Bir gül, bir cəhcəhlə baharın gəlişini bayram etmirlər. «Problemlər artıq arxada qaldı» söyləmək çox erkəndi hələ. Bu qələbənin dalı/davamı sabah da gəlməlidi, birigün də.

KAMİL

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer