Sumqayıtda dava, "Tofiq Bəhramov"da sülh, Qəbələdə "qırmızı"

13 Mart 2019 13:24 Köşə 662
Sumqayıtda dava, "Tofiq Bəhramov"da sülh, Qəbələdə "qırmızı"

Azərbaycan çempionatının 20-ci turunun oyunları keçirilib.

İlk oyunda uzun müddətdi ki, qələbə üzünə həsrət qalan "Keşlə" debütant "Sabah"la qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb.

Son illərin çempionu "Qarabağ" isə Tofiq Bəhramov adına Respublika Stadionunda "Zirə"ni sınağa çəkirdi.

Maraqlıdı ki, ötən tur "Qəbələ"dən bir xalı qoparan qolun müəllifi Fofana Abasovdan şans qazanmışdı.

Oyunun ilk hissəsi qəsəbə təmsilçisinin üstünlüyü ilə keçdi desək, yalan olmaz. Hətta bu üstünlük ikinci hissənin ortalarına qədər davam edirdi.

63-cü dəqiqədə Mahir Mədətovun cinah ötürməsini Kamal Bayramov yumruğuyla uzaqlaşdırır. Bu epizodda Kamal cəld tərpənməsəydi, Dani Kintana hesabı açacaqdı.

Bu dəqiqələr "Qarabağ"ın üstünlüyü ilə keçir. 65-ci dəqiqədən 70-ci dəqiqəyə qədər olan zaman kəsiyində "Zirə" ağdamlıların cərimə meydançası qarşısında top saxlamaqla məşğuldur.

Əslində, belə bir görüntü yaranıb ki, Samir Abasovun komandası "Qarabağ"la oyunda bir xalla kifayətlənmək niyyətində deyil.

69-cu dəqiqədə Tellur Mütəllimovla Maksim Medvedevin təkbətək mübarizəsindən birinci qalib ayrılır. Millinin əsas oyunçusuyla milliyə namizəd gənc futbolçunun qarşılaşması yetərincə maraqlı alınmışdı.

71-ci dəqiqədə Kamal Bayramov növbəti dəfə qəsəbə təmsilçisini qoldan xilas edir. Qolkiper bu dəfə Zubirin cinah reydindən sonra ötürməsini qüvvətli zərbəylə qapayan Dani Kintananın sevinməsinə imkan vermir.

Bu, oyun ərzində Qurban Qurbanovun yaxaladığı ən real qol vəziyyəti idi. Bu dəqiqələrdə Zubir "Zirə" müdafiəsi üçün əməlli-başlı kabusa çevrilib.

77-ci dəqiqədə İsmael Fofananın zərbəsindən sonra təhlükəli vəziyyət yaranır. Məhz bu epizoddan sonra 80-ci dəqiqədə Samir Abasov bir zamanlar böyük perspektiv vəd edən Budaq Nəsirovu İlkin Muradovun əvəzinə meydana buraxır.

81-ci dəqiqədə "Qarabağ" topu "Zirə"nin qapısından keçirsə də, qol qeydə alınmır-ofsayd. Ozobiçin cərimə zərbəsindən sonra Kamal Bayramov növbəti seyvini gerçəkləşdirir və hakimin final fiti bakılılara bir xal qazandırır.

Oyundan dərhal sonra verdiyi açıqlamada "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, 0:0 ədalətli nəticə idi :

"Pis oyun alınmadı. Hər iki komanda bu gün bəlkə də bir xala layiq idi. Hər iki komanda çox istəkli idi. Tam əmin olduq ki, Samir Abasov yanvardan sonra komandasını daha yaxşı hazırlayır.

Əlbəttə, qalib gəlmək istəyirdik. Hər bir halda xalımızın üzərinə bir xal da gəldi. Dəfələrlə qeyd etmişəm ki, qarşıdakı oyunlar daha çətin olsun".

"Zirə"nin baş məşqçisi Samir Abasov isə ağır oyundan sonra bunları deyib: "Məncə, oyun özlüyündə pis keçmədi.

Məğlubiyyətsizlik seriyamızı davam etdirmək istəyirdik. Bu cür oyunlarda qazandığın nəticə sənə həddən artıq motivasiya, ruh yüksəkliyi verir.

Birinci hissə çox yaxşı oynadıq, qol şanslarımız oldu, rəqibə qol vəziyyəti yaratmağa imkan vermirdik. İkinci hissədə rəqib təzyiq göstərdi.

Bizim də fikrimiz əks hücumda qol vurmaq idi. Qol vəziyyətlərindən istifadə edə bilməməyimizin səbəbini bilmirəm. Əsas odu ki, "Qarabağ"a qarşı belə qol vəziyyətləri yaradırıq.

İnanıram ki, ən yaxşılardan olacağıq. Komandamın fiziki vəziyyətindən də razı qaldım.

Məsələn, əsas heyətdə 2-3 oyunçumuz bizə gec qoşulublar və onların fiziki durumundan şikayət etmək yersiz olardı. Millinin oyunu ilə əlaqədar yaranmış fasilədən istifadə etməyə çalışacağıq".

Turun üçüncü görüşü "Qəbələ" və "Səbail" komandaları arasında baş tutdu. Turnir cədvəlindəki mövqe baxımından bu, mərkəzi görüş də sayıla bilərdi.

Matçda diqqət çəkən məqamlardan biri hər zaman azarkeşlərinə güvənən klubun "12-ci oyunçu" olmadan meydana çıxması idi.

Görünür, "Qəbələ"nin son vaxtlar uğursuz çıxışları azarkeşlərin tribunalara gəlməyini əngəlləyib. Cavid Hüseynov cəzalı olduğuna görə "Səbail"lə oyunu buraxmalı olmuşdu. Stankoviç isə zədəsini həl ədə tam sağaltmayıb.

Çox güman ki, serbiyalı növbəti turda "Neftçi" ilə oyunda əsas heyətdə olacaq. "Səbail"də isə əsas kapitan Eltun Yaqublu uzun fasilədən sonra ilk dəfə sifariş ərizəsinə daxil edilib.

Oyunu maraqlı edən digər məqam bu komandaların 14-cü turdakı qarşılaşmasının da İnqilab Məmmədova həvalə edilməsidir.

Həmin qarşılaşmada Rauf Əliyev Rahid Əmirquliyevə qarşı kobud oyuna görə meydandan qovulmuşdu. Yeri gəlmişkən, "Qəbələ" "Səbail"in bu mövsüm qol vura bilmədiyi iki komandadan (digəri "Qarabağ"dır) biridi.

Qapıya ilk zərbə üçüncü dəqiqəyə təsadüf etdi. Perilyonun zərbəsi yetərincə təhlükəli alınır.

Onuncu dəqiqədən etibarən "Qəbələ" üstünlüyü ələ alır və hücumlarını intensivləşdirir. Bu isə "Səbail" üçün əks hücum imkanı deməkdi.

Belə epizodların birində Fəhmin Muradbəyli büdrəməsəydi, Ağabala Ramazanovun ötürməsini qola çevirə bilərdi.

14-cü dəqiqədə Monrozun ara ötürməsinə Şəhriyar Rəhimov kritik müdaxilə edir. Əks halda hesab açılacaqdı. 23-cü dəqiqədə Ruslan Qurbanov növbəti dəfə hakimin qərarına etiraza görə sarı vərəqə ilə cəzalandırılır.

Bir dəqiqə sonra Fəhmin Muradbəylinin sağ cinahdan reydini Kubemba qüvvətli zərbə ilə tamamlayır, Bezatosnı topu tutur.

Bir neçə saniyə sonra Muradbəyli Elvin Muradovla sözün əsl mənasında kəllə-kəlləyə gəlir və birinci uzun müddət yerdə qalır.

30-cu dəqiqədə Rauf Əliyevin sol cinah reydini Monroz zərbəylə tamamlasa da, Rıbka yerindədi. 36-cı dəqiqədə Ribka cərimə meydançasında Amin Seydiyevlə toqquşmadan sonra noqdauna düşür, həkimlərin müdaxiləsi ilə özünə gəlir.

42-ci dəqiqədə "Səbail" ən real qol imkanını əldən verir. Qapıçı ilə təkbətək qalan Ruslan Qurbanovun zərbəsini ukraynalı qolkkiper çətinliklə də olsa, dəf edir.

İki dəqiqə sonra Adeniyinin zərbəsi dirəyə tuş gəlir və bir neçə saniyə keçməmiş Muradbəyliyə qarşı kobudluğa görə İnqilab Məmmədovun "sarı üzünü" görür.

Birinci hissəyə əlavə edilmiş dəqiqələrdə Fəhmin yenidən zədələnir və meydanı axsaya-axsaya tərk edir. İlk hissədən sonra "Qəbələ"nin qapıya 6, "Səbail"in 5 zərbəsi var.

Amma "Səbail"in 2, "Qəbələ"nin cəmi 1 zərbəsi çərçivəyə gedib. "Qəbələ" 49-cu dəqiqədə hesabı açır Rauf Əliyevlə divar paslaşmasından sonra futbol dərsliklərinə düşəcək qol vurur.

Bu vəziyyətdə qonaqların müdafiə xətti müşahidəçi mövqeyində qalırlar. Adeniyi bu mövsüm 7-ci qolunu vurmaqla, komandasının ən sərrast futbolçusuna çevrilir və Monrozu iki top qabaqlayır.

54-cü dəqiqədə Elvin Yunuszadə cərimə meydançasının qarşısında Rauf Əliyevin üzünə zərbə vurduğuna görə sarı vərəqə ilə cəzalandırılır.

Cərimə zərbəsindən sonra "Səbail"in qapısı qarşısında təhlükəli vəziyyət yaranır. Monrozun cinah ötürməsini Adeniyi qolla tamamlayır-2:0.

62-ci dəqiqədə Bəhlul Mustafazadə Ramazanova qarşı kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılır. 63-cü dəqiqədə İriberri Ruslan Qurbanovu əvəzləyir.

Əvəzləmədən sonra Şəhriyar Rəhimovun cərimə zərbəsi qapı çatındna meydana qayıdır. Əgər top qapıya getsəydi, o zərbəni qaytarmaq üçün iki Bezatosnı lazım olacaqdı.

66-cı dəqiqədə Kubembanın zərbəsini ukraynalı dəf edir. İkinci qoldan sonra Aftandil Hacıyevin komandası hücumlarını bir qədər də artırıb. Bu dəqiqələrdə belə dmeək mümkünsə, açıq oyun gedir.

68-ci dəqiqədə Atakoranın əvəzinə meydana Davit Volkov çıxır və bir neçə saniyə sonra Kubemba gürcüstanlıya qarşı kobudluğa görə sarı vərəqə alır. 73-cü dəqiqədə Bəhlul Mustafazadə hava mübarizəsi zamanı İriberriyə qarşı dirsəklə oynadığı üçün qırmızı vərəqə alır.

78-ci dəqiqədə Aftandil Hacıyev Maudonun əvəzinə Akpovetanı meydana buraxır. 80-ci dəqiqədə isə Sənan Qurbanov Rauf Əliyevin əvəzinə meydana İlqar Qurbanovu buraxır.

Hər halda hesabda 2:0 öndə olan komandanın meydana müdafiəçi buraxması başadüşüləndir. 83-cü dəqiqədə Asif Məmmədovu Lilay əvəzləyir.

Cəmi bir dəqiqə sonra ukraynalı qolkiper Koçukun çox təhlükəli zərbəsini küncə çıxarır. Amma künc zərbəsindən sonra Elvin Yunuszadə dəqiq baş zərbəsi ilə hesab arasındakı fərqi azaldır-2:1.

Son dəqiqələrdə "Səbail" təzyiqi artırsa da, ukraynalı çərçivə qoruyucusunun sayıq oyunun "Qəbələ"yə 3 xal qazandırmaqla yanaşı, Sənan Qurbanovu da postunda saxlayır.

Matçdan sonra Sənan Qurbanov açıqlama verərək hakimlərə diqqətli olmağı tövsiyyə edib:

"Ağır oyun idi, "Səbail" son oyunlarda formadadı. Ciddi hazırlaşmışdıq, qələbəy köklənmişdik. Hakimlərin qərarına təəssüflənirəm.

Gənc Bəhlul Mustafazadəyə bu cür adi epizodda qırmızı vərəqə göstərmək olmazdı. Adi oyun mübarizəsində sarı vərəqə göstərib meydandan qovdular. Bizim də səbr kasamız var. Hakimləri diqqətli olmağa çağırıram".

Turun son oyununda "Sumqayıt" öz meydanında "Neftçi"ni qəbul edirdi. Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmada ilk təhlükəli zərbə Sansonedən gəlir.

13-cü dəqiqədə Ehtiram Şahverdiyə qarşı cərimə meydançası daxilində kobud oyun olduğunu iddia edən "Sumqayıt" futbolçuları penalti gözləsələr də, baş hakim davam işarəsi verir.

Matçın əvvəlindəki 1-2 epizodu çıxsaq, 22-ci dəqiqəyə qədər qapısız futbol getdiyini demək olar. 26-cı dəqiqədə "Neftçi" müdafiədə kobud səhvə yol verir və meydan sahibləri hesabı açır-1:0.

Mamadu Mbodjun Səlahətə ötürməsi zamanı araya girən Peyman Babayi qolkiperi də keçərək, milli çempionatımızda ilk qolunu vurur.

29-cu dəqiqə Mamadu Kanenin Aleksey İsayevə qarşı kobud oyuna görə sarı vərəqə almasıyla yadda qalır.

Qoldan sonra meydan sahibləri bir qədər də fəallaşıb. 32-ci dəqiqədə Dabo cərimə meydançasında yıxılır və bu dəfə də Rəşad Əhmədov penalti olmadığını bildirir.

Ancaq istənilən halda, bu epizodda Dabonun ayağına zərbə olduğu aşkar görünürdü. İlk hissəyə əlavə olunmuş ikinci dəqiqədə Platellasın solaxay zərbəsi qapıda azca aralı keçir.

57-ci dəqiqədə Platellasa qarşı kobud oyuna görə görə cəriməz rəbəsi təyin edilir. Bu arada "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovla bağlı bir məqam diqqətdən yayınmır.

Gənc çalışdırıcı ilk hissənin sonlarından etibarən saatına baxa-baxa qalıb. Halbuki matçın bitməyinə ən azı bir hissə var idi. 61-ci dəqiqədə künc zərbəsindən sonra Mbodjun zərbəsini Mehdi Cənnətov yumruqlayır.

62-ci dəqiqədə Aleksey İsayevin reydindən sonra Əfran İsmayılov ötürməni boşa verir. Halbuki həmin epizodda Elvin Məmmədov və Peyman Babayi daha əlverişli mövqedə idilər.

64-cü dəqiqədə Elvin Bədəlov Ehtiram Şahverdiyevin əvəzinə meydana çıxır. 68-ci dəqiqədə Bordin Mirabdulla Abbasova növbəti dəfə 20 dəqiqə oynamaq şansı verir.

Abbasov Platellası əvəzləyir. Belə demək mümkünsə, Bordin 70 dəqiqəyə yaxın ehtiyac duymadığı forvarddan son iyirmi dəqiqədə mədət umur.

Bu dəqiqələrdə Kiril Petrovla "Sumqayıt"ın "ağsaqqallarından" olan Vurğun Hüseynov arasında gərgin anlar yaşanır. Oyunun son dəqiqələrində vəziyyət bir qədər də gərginləşir və bu arada "Neftçi"nin ehtiyat qapıçısı Aqil Məmmədov da sarı vərəqə görür.

75-ci dəqiqədə paytaxt təmsilçisi hesabı bərabərləşdirir - 1:1. Bu arada "Sumqayıt" müdafiəçiləri Elvin Bədəlovu ittiham etməklə məşğuldurlar.

Hakim Mehdi Cənnətova PEtrova dirsəklə zərbə endirdiyi üçün qırmızı vərəqə göstərir. Əslində, bu, gözlənilən idi.

Əgər baş məşqçi 40-cı dəqiqədə "vaxt öldürmək" barədə düşünürsə, başqa cür ola da bilməzdi. Cənnətov meydandan çıxarkən Petrovu hədələdiyi vaxtda,

Ayxan Abbasov Əfran İsmayılovun yerinə ikinci qapıçı Rəşad Əzizlini buraxır. Son dəqiqələrdə Abbasov yetirmələrinə "dayanmırıq" deyə qışqırır.

Nə qədər paradoksal olsa da, komanda Abbasov saata baxarkən dayandırmışdı. Bu arada Rəşad Əhmədov "Sumqayıt"ın texniki zonasından daha bir nəfər sarı vərəqə göstərir və Ayxan Abbasovu da texniki zonadan kənarlaşdırır.

Bu, dördüncü hakim Nicat İsmayıllının işarəsindən sonra baş verir. Baş məşqçi çox çılğın şəkildə meydanın ortasıyla soyunub geyinmə otağına daxil olur. Ömər Buludov 86-cı dəqiqədə möhtəşəm qolla "Neftçi"yə üç xalı qazandırır.

Yekunda bir məqamı qeyd etmək yerinə düşər. İnsafən, "Sumqayıt" təkcə bu yox, məğlub olduğu digər oyunlarda da pis təsir bağışlamayıb.

Əgər bu cür oyuna rəğmən komanda yenə də turnir cədvəlinin zirzəmisindədirsə, bunu ilahi ədalət adlandırmaq daha doğru olardı. Nazim Süleymanova tikilən "torba"...

İntiqam VALEHOĞLU

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer