AFFA-nın növbəti - 26-cı konfransı gözlənilən kimi keçdi.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak etdi.
Konfransı açan qurumun prezidenti Rövnəq Abdullayev UEFA Avropa Liqasının final oyununa hazırlığı ötən dövrün ən əlamətdar hadisəsi kimi vurğulayıb.
Bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncam, həmçinin tapşırıq və tövsiyələri qitənin ikinci ən nüfuzlu klub turnirinə hazırlığın yüksək səviyyədə aparılmasına şərait yaradıb.
O, 19 yaşlıların Avropa çempionatının elit-raunduna, “Qarabağ”ın Avroliqanın qrup turnirinə vəsiqə almasını da hesabat dövrünün uğuru adlandırıb.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında mühüm məqamalara toxunub.
«Respublika Prezidenti cənab İlham Əliyevin idman sahəsinə xüsusi diqqətlə yanaşması, bu istiqamətdə məqsədyönlü siyasəti nəticəsində, Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Təsadüfi deyil ki, Bakıda və respublikamızın bölgələrində müxtəlif mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir, - deyən nazir bu xüsusda futbolun əhəmiyyətli yer tutmağa başladığını vurğulayıb:
Təkcə bu faktı qeyd etmək kifayət edər ki, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. 2020-ci ildə isə bu möhtəşəm arena Avropa çempionatının 4 oyununa ev sahibliyi edəcək».
Azad Rəhimov futbolla bağlı bir neçə məsələyə də diqqət ayırıb.
O, uşaqlar üçün müntəzəm yarışları qeyd etməklə, onların təkcə paytaxtda deyil, regionlarda, o cümlədən cəbhə xəttinə yaxın ərazilərdə də təşkilinin xüsusi əhəmiyyət kəsb etdyini deyib:
«Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsində, Füzuli rayonundakı “Qayıdış” qəsəbəsində keçirilmiş “Cəsur ürəklər” futbol festivalları bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
AFFA Cocuq Mərcanlı qəsəbəsində süni örtüklü futbol meydançası da inşa etdirərək qəsəbə sakinlərinin ixtiyarına verib».
Hesabat dövrü videoçarxda nümayiş etdirildikdən sonra, AFFA-nın baş katibi Elxan Məmmədov mövzu ətrafında daha geniş məlumat təqdim edib.
AFFA-nın maliyyə, eləcə də müstəqil auditin hesabatları dinlinilib. Konfransda FIFA nümayəndəsi kimi iştirak edən Byorn Vassala da sözünü deyib.
Əlbəttə, qurumun maliyyə durumu daha çox diqqət cəlb edir. Sadəcə, dərc edilmiş rəqəmlərin bir qisminə toxunaq.
Ümumən, AFFA-nın büdcəsi 25,5 milyon manata yaxın olub və bu vəsaitin 43 faizdən artığı Dövlət Neft Şirkətinin hesabına formalaşıb.
Milli komandaların teleyayım hüququndan 4 milyondan, UEFA və FİFA-nın hər birindən 3 milyondan artıq, «Azəridmanservis»dən isə 3 milyon manata yaxın vəsait quruma daxil olub.
Digər vəsaitlər müxtəlif şirkət və təşkilatlardan gəlib. Qurumun xərcləri 20 milyondan 200 min manatdan artıq olub. Onu demək olar ki, maliyyənin yarısı milli komandalara xərclənib.
Uşaq və gənclər futbolu ilə bağlı müxtəlif xərclər 1 milyon 700 min manatdan bir qədər artıq olub. Vəsaitin xərclənməsi deyil, onun yönləndirilməsi daha çox müzakirə oluna bilər.
Qurumun uşaq futboluna və bölgələrə ayırdığı vəsaitin özünü nə qədər doğrultması barədə hər konfransda, qısa olsa belə, söz açırıq.
Zənnimcə, millinin büdcəsinin bölüşdürülməsinə yenidən baxmaq lazımdı. Çünki hətta Millətlər Liqası kimi bir yarışda da uğur əldə olunmursa, baxış, kurs tamamilə dəyişdirilməli və daha uzaq məqsədlər hədəf götürülməlidi.
Bu mənada uşaq futbolu və regionlara yatırılan sərmayənin səmərəsi naminə normal strateji hədəf və inkişaf planı müəyyən olunmalıdı.
Kütləvilik əsas götürülməklə, təlim-tədrisə və istedadların düzgün yetişdirilməsinə, eyni zamanda, skautçuluğa tam fərqli yanaşma formalaşdırılmalıdı.
Ötən dövr ərzində klubların gəlirləri də əvvəlki dövrlərə nəzərən artıb. Lakin vəsaitin doğru yönləndirilməsi mexanizmlərini də qarşılıqlı anlaşma şəraitində tərtib etmək və klublara dəstək olmaq zamanı da çatıb.
Əks təqdirdə inkişaf və perspektivlər yarıhərc-mərci və yabanı şəkildə nizamsız olacaq.
BATI YAR

