Axır 5 oyundu «Zirə» uduzmur.
Yeni ilin hələlik ilk və sonuncu yenilgisini «Sabah»dan alıblar.
Samir Abasov deyir ki, bu, yaxşı nəticədi. Məncə, o, ciddidi. Hətta o qədər ciddidi ki, sözlərinin fakt qarşısında acizliyi qulağına da deyil.
O günlər arxada qalıb, «Zirə» həsrət nəğməsi çalır. Gün o gün idi ki, «Zirə» qələbələrdən çələng düzəldir, sevənlərini göyə qaldırır, əleyhdarlarını yerə çırpırdı.
O «Zirə» sezonun əvvəlindən axırına kimi medal yarışmasından qopmurdu, Dirəşirdi, böyüklərə əlcək atırdı, can qoyurdu, qazanırdı, aparırdı.
«Zirə» tarixinin ən yaxşı heyəti Samir Abasovun xilmətindədi. Gəl ki, klub ən zəif nəticələrini onun rəhbərliyi altında əldə edir, adam isə deyir ki, 5 turdu uduzmurlarsa, bu, yaxşı nəticədi.
Onun sözlərinə görə, belə oyunlar "Zirə" üçün faydalıdı: "Görüləcək işlər çoxdu. İnanıram ki, ən yaxşılardan yox, ən yaxşını verəcəyik".
Nə zaman? Çempionat başa çatmaq üzrədi. Bütün suallara son 8 tur ərzində aydınlıq gələcək.
«Zirə» bu oyunların hamısını qazanacağı halda, gümüş medalı başının altına qoyacaq. Bu, nəzəri cəhətdən realdı.
Samir Abasovun göstəriciləri tısbağa yerişlidi.
«Qarabağ»la heç-heçə «Zirə»nin gücündən xəbər vermir. Bu 1 xal «Qarabağ»ın zəifləməsinin əlamətidi.
Odu ki, Abasov çox döşünə döyməsin, problemləri yoluna qoymasını iddia etmiəsin. 7 aydı çalışdırdığı komanda turnir cədvəlinin aşağısındadı, yaxşı nəticə barədə nağılı özünə saxlasın, camaata sırımasın.
Samir Abasovla Ayxan Abbasovun yeri səhv düşüb. Abasov «Sumqayıt», Abbasov «Zirə» üçün yaranıb.
Üstündən nə qədər keçsə də, mən bu iddiada qalacam. Yaxşı oynamaq Samir bəyə bəraət vermir. Dediyi «yaxşı nəticə» də o cümlədən.
Hap-gop eləməkdənsə, arabir turnir cədvəlinə göz atsın. Utanmasa, yenə üyüdər.
SEYİD

