«Səbail» Qəbələdə turnir cədvəlindəki ən yaxın izləyicisinə məğlub oldu və aralarında xal fərqi azaldı.
Aftandil Hacıyev bunadək tez-tez 3-cü pilləni tutmaq kimi hədəflərinin olmadığını bildirirdi.
1:2 hesablı məğlubiyyətdən sonra ona belə bir sual veriblər: Çempionatın sonunadək 3-cü pilləni mühafizə etnək üçün komandanızın potensialı yetərlidirmi?
Verdiyi cavab gül qoxuyur: «Fikrim bir qədər düzgün anlaşılmayıb. Bəli, çempionatın startında elə bir hədəf yox idi. Lakin turlar ötdükcə, belə bir hədəf yaranmağa başladı. Bu tur bütün rəqiblərimiz xal qazandığı halda, biz bunu bacarmadıq. Ancaq turlar da olub ki, bunu yalnız biz bacarmışıq. “Qəbələ” ən yaxın izləyicimizdi və sonadək 3-cü pillə uğrunda onlarla vuruşacağıq. Dəqiq deyə bilmərəm ki, arxayınlıq var idi, yoxsa yox. Buranın meydançasında bir qədər ağırlıq var. Üstəlik, müəyyən hava çatışmazlığı, boğulma olur. Həm də ustalıq səviyyəsinə görə, rəqib bizdən fərdi qaydada üstün idi. Daha çox çalışmalıyıq».
Əhsən! Deməli, Hacıyevin uzaqgörən və uğurlu strategiyası artıq öz bəhrəsini verməkdədi.
Allah səni güldürsün! Sən demə, Aftandil əkənin yumor hissi də varmış ki… Sən demə, duzlu-məzəli imiş ki, bu lotu… (fürsət tapsam, onunla söhbətləşmək imkanını əldən vermərəm).
Ay duzlu-məzəli oğlan, “Səbail”də hazırda “oyun tərzi” adlı anlayış yoxdu ey!
Oyun tərzi az-maz Samir Əliyevin vaxtında vardı. O da ki, Əliyevə görə! Sırf futbolçuların özlərinə görə yox.
İndi ta Aftandil də «Səbail»dəkiləri özləri bildiyi kimi oynamağa qoymur!
Ancaq Hacıyev bu havadan baş çıxartmadığı üçün komanda gah nala vurur, gah mıxa.
Başının üstündəkilər isə ona “quyu” qazmağa üstünlük verir. İndi özü o “quyu”nun girəcəyindədi. Oturub isti yerdə, meydanın ağırlığından, havasızlıqdan, boğulmadan dəm vurur.
Ayə, lotu, hansı havanı nəzərdə tutursan? Sən Allah, Qəbələdə quyunun dibinə dal-baş yuvarlanmağını boğulma hesab edirsən?
Sən nə qədər də duzlu-məzəli insansan. Səninlə söhbət etmək fürsətim olsaydı...
Qadası, sən məşqçi deyilsən hələ. Ruhdan düşmə, olmağa çalış. Bəlkə də alındı. Hər halda cəhd et.
Havayla nə işin var, bir az dua elə, qoy, rəqiblər texniki məğlubiyyət alsın. İki dəfə havayı qələbə hədiyyə almısan, niyə də biri, ikisi yenə olmasın.
Öyrənmisən axı.
KAMİL

