İstedadlı dələduzlar

7 Mart 2019 19:48 Köşə 1 181
İstedadlı dələduzlar

Sərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan yığmasının sabiq məşqçiləri Filip Manolovla Simeon Atanasov baş prokuror Zakir Qaralova və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət ediblər.

Onlar Güləş Federasiyasının sabiq baş katibi Əjdər Cəfərovdan şikayətçidirlər.

Onların iddiasına görə, Əjdər Cəfərov bu məşqçiləri faizə oturdubmuş. Yəni məşqçilər aylıq məvacibin və uğurlara görə verilən mükafatın tən yarısını Cəfərova ödəyirmişlər.

Manolovla Atanasov bolqardırlar. Bolqarlar isə dünyada bacarıqlı dələduzlar kimi tanınıblar. Amma Azərbaycanda elə dələduza tuş gəliblər ki, istedadı ilə bacarıqlı dələduz bolqarları mat edib.

Azərbaycanda istedadlı dələduzlar həddindən artıq çoxdur. Xüsusən də idman sahəsində. Əjdər Cəfərov kimi “istedadlar” demək olar ki, bütün federasiyalarda vəzifə başındadırlar, türkün məsəli.

Elə AFFA-da nə qədər desən, belə dələduz tapmaq olar. Məşqçiləri, futbolçuları faizə oturdublar. Əsasən də əcnəbilərlə işləyirlər istedadlı dələduzlar.

Məsələn, bir 7 il almanlarla yaxşı işbirliyi qurulmuşdu AFFA-da. Gördülər ki, səsi pis çıxır, xorvatlarla işləməyə başladılar. Amma arada yerli məşqçiləri, futbolçuları da faizə oturdurlar.

Məsələn, bu yaxınlarda bəlli olmuşdu ki, Şahin Diniyev Gəncədə işləyərkən, kimlərəsə “haqq” verirmiş. AFFA, AFFA-nın nəzarətində olan bütün klublar belə istedadlı dələduzlara tapşırılıb ki, futbolumuz yaxşı inkişaf etsin.

Sizə bir söz deyim, bu istedadlı dələduzlara böyük tələbat var idman sahəsində. Onlar heç vaxt işsiz qalmırlar, bir yerdə səs çıxan kimi, başqa yerə köçürlər, türkün məsəli, köçəri quşlar kimi.

Əjdər Cəfərov da Güləş Federasiyasında işdən çıxarılandan sonra ona 2 saylı Olimpiya Ehtiyat Təhsil İdman Məktəbinin direktoru vəzifəsi həvalə olunub.

Bəs necə, təhsil, ehtiyat qüvvə, gənc nəsil, gələcəyimiz belə istedadlı dələduzlara həvalə olunmayıb, kimə həvalə olunmalıdır?

İstedadlı dələduzlarımızı mütləq qorumalı, Azərbaycan idmanındakı bütün vəzifələri onlara həvalə etməliyik. Gələcəyimizdən əmin olmaq üçün!

Natiq Muxtarlı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer