Azərbaycanlı atlet Nazim Babayev Şotlandiyada keçirilən Avropa çempionatında elə bir uğur qazanıb ki, günlərlə danışsaq, öysək də, haqqını verə bilmərik bu uşağın.
21 yaşlı Nazim Qlazqo şəhərində üç təkanla tullanmada Avropa çempionu olub . Azərbaycan idman tarixində hələ belə uğur olmamışdı. Bəlkə də, bundan sonrakı 100 ildə də olmayacaq.
Bu heç, indi gəlin maraqlanaq, görək Nazim Babayev hansı şəraitdə məşq edir, aylıq məvacibi nə qədərdir. Alacağı mükafat nə qədər olacaq.
Tam əmin ola bilərsiniz, Nazim ideal şəraitdə məşq etmir. Aylıq məvacibi də min manatla iki min manat arasında olar. Artığını heç ağlınıza də gətirməyin. Bu uğura görə alacağı mükafat da 50 min manatı keçməz yəqin.
Ancaq Azərbaycanda Araz, Mahir, Rəşad, Rauf, Əfran, Cavid, Qara, Arif, Kamran, Rahid adlı futbolçular var ki, aylıq məvacibləri 10 min manatdır. Özü də indi elədir ha. Bir beş il əvvəl isə ayda 30 min manata oynamağa naz edirdilər, 50 min manat tələb edirdilər.
Yığma komanda bütün seçmə mərhələlərdə qrupu ya 6-cı, ya da 5-ci yerdə başa vururdu. Bu futbolçular isə hansısa lazımsız qələbəyə görə 50 min manat mükafat alırdılar. Bəli, cəmisi bir oyunda qazanılan qələbəyə görə. Nazim Babayevin Avropa çempionluğuna görə alacağı mükafat qədər.
Bu futbolçulara o vəsait hardan ödənilir? Təbii ki, dövlətdən. SOCAR AFFA-ya hər il 10 milyon manat ayırır. Niyə? Nəyə görə? Seçmə mərhələdə ən yaxşı halda 5-ci yeri tutmaq üçün? O pul Nazimə ödənilməlidir. O pul Nazim kimi idmançıların yetişdirilməsi üçün infrastrukturun qurulmasına sərf olunmalıdır.
Nazim Babayev Avropa çempionu olub. Bu, Araz adlı futbolçunun Cənubi Kiprin hansısa komandasında oynaması deyil. Bu uğur Mahirin hansısa “Səbail”in qapısına qol vurması da deyil.
Bu, tarixdir. Tarix yazanlar isə tarixdə gün keçirdənlərdən yaxşı yaşamalıdırlar. Özü də min dəfə. Eşidirsiniz, Araz, Mahir, Rəşad, Rauf, Əfran, Cavid, Qara, Arif, Kamran, Rahid, sizin aylıq məvacibiniz 500 manatdan yuxarı olmamalıdır.
Siz ondan yuxarı məvacibi haqq etməyibsiniz. Haqq tanıyansınızsa, 500 manat da artıq götürün aldığınızdan, qalanını aparın verin o uşağa, Nazimə.
Natiq Muxtarlı

