Tərlan Əhmədovun əl-qolunu bağlayan – Alınmır, rəis!

4 Mart 2019 18:00 Köşə 804
Tərlan Əhmədovun əl-qolunu bağlayan –  Alınmır, rəis!

«Keşlə»nin ən böyük problemi futbolçuların arxaya, xüsusən də qapıçıya ötürmə etmələridi.

Rəqibi təzyiq altında saxladığı vaxtda qapıçı Kamran Ağayevə pas verilir.

Paho... Tərlan Əhmədov «Qarabağ»a 0:1 hesablı məğlubiyyəti bu cür şərh edib.

İstəyirsiz onunla razılaşın, istəyirsiz razılaşmayın. Məncə də, «Keşlə»nin ən böyük problemi bütün pasların Kamran Ağayevə ünvanlanmasıdı. Həm yeraltı, həm yerüstü «pas»ların.

Bu, mühüm məsələdi, çətinliklərin başıdı.

Tərlan Əhmədov yenə açıqlama verib, fəqət «Keşlə»ni böhrana tərəf aparan səbəbləri açıqlamayıb.

Qorxduğu, çəkindiyi yer var – Zaur Axundov.

Müşahidə Şurasının sədri ona o qədər səlahiyyət verməyib ki, Kamrana edilən ötürmələrin istiqamətini dəyişsin.

Bunu eləsə var a… Suyu bulandıranların dərisinə saman təpər! Bir nəfər artıq adam o tərəflərdə görünməz, hərəsinə öz yerini göstərər.

Axundov Əhmədovu məşq meydançasından kənara çıxmağa qoymur, qoysa, komanda üzərində nəzarət Kamran Ağayevdə olmaz.

Vaxt gələcək, bunun də üstü açılacaq. MŞ sədrinin nəyə görə qapıçı kapitanın sözüylə oturub-durması da, baş məşqçiyə dar bir çərçivə tanıması da.

Əhmədov «alınmır ki, alınmır» söyləyir, elə isə niyə qalıb - bax, yenə də demir!

«Keşlə»də milyonları qabağına tökməyiblər ki, güman edəsən ki, tərəddüd içində burulur. Heç də elə deyil. Aldığı gündəlik xərclərini güclə bağlayır.

«Keşlə»də hökm edən qüvvə Kamran Ağayevdi. Hakimi-mütləqdi, firondu, şahənşahdı. Məşqçi gətirir, məşqçi göndərir. Futbolçu götürür, futbolçı çıxarır. Heyət dağıdır, heyət qurur.

Deyəsən, artıq taktikaya da girişib. Əhmədovun hər məşqdə verdiyi tapşırıqlar bir oyunda icra olunmursa, bu, Kamranın komandanı idarə elməsinin sübutu deyilmi?

Alınmayan iş yoxdu. Gərək rəhbərlik də baş məşqçinin istədiyini istəsin, istəyinə güc-qüvvət versin. Zaur Axundov onu da eləmir.

Sədrə «klubla bağlı ən böyük arzunuz nədi» deyə sual edən olsa, pıçıltıyla «Tərlan Əhmədovun istefa verməsi» cavabını verməyəcək.

Kamran Ağayev meydandakı hərəkətləriylə rəisinin fikrindən keçənləri gözlər önünə sərir.

KAMİL

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer