Azərbaycan futbolunda kateqoriya davası gedir.
Kimsə B kateqoriyası almaq istəyib, ancaq azərbaycan dilində yaza bilmədiyi üçün kəsilib.
Sonra da mətbuata açıqlama verib, vaxtilə millidə oynadığın qabardıb, narazılığını bildirib.
AFFA-nın kateqoriya paylayanı Aslan Kərimov da deyib ki, fikrini elementar qaydada yazmağı bacarmayan adama kateqoriya verə bilmərik.
Biz həmişə demişik ki, futbolu ayaqla yox, başla oynayırlar. Biz həmişə demişik ki, ay futbolla məşğul olan, bu zəhrimara qalmış oyunu başla oynamaq üçün kitab oxumağı, yazmağı bacarmaq lazımdır.
Kitab oxumaq beyni inkişaf etdirir. Beyni inkişaf etdirmək üçün oxumaqdan başqa yol yoxdur axı.
Oxumursunuz! Oxumadığınız üçün də futbolu başla yox, ayaqla oynayırsınız, bu da futbol olmur. Olur fitbol.
Məsələnin digər tərəfi də odur ki, Azərbaycanda məşqçi kateqoriyası verməyin anlamı da yoxdur axı. İndiyə qədər Aslan Kərimov yalan olmasın bir ordu qədər adama kateqoriya paylayıb. “C”-ni demirəm, “B”-ni, “A”nı alan nə qədər desən.
Hə, nə olsun? Hanı bu kateqoriya sahiblərinin yetişdirdiyi futbolçular. Ay adamlar, kimi çıxardıbsınız ortalığa ki, heç olmasa “Urmaniyaspor”da oynamaq qabiliyyəti olsun? Heç kimi.
Bu kateqoriya ki var, futbolçu yetişdirmək üçün verilən icazə deyil. Bu kateqoriya bir dəstə adamın bir tikə çörək qazanması üçün verilən icazədir. Təxminən pensiya kartı kimi bir şey.
Gedin, Haramı düzündə qoyunlarını qabağına qatıb otaran bir zəhmətkeşi gətirin, deyin ki, bundan sonra futbolçu yetişdirəcəksən. Onu yetişdirəcəyi futbolçuların səviyyəsi kateqoriyalıların yetişdirdiyindən yuxarı olacaq ki, aşağı olmayacaq. Ən azı, onları əməyə alışdıracaq, əzmkar edəcək o zəhmətkeş.
Aslan Kərimov deyib ki, kiməsə layiq olmadığı kateqoriyanı verib kimlərinsə uşağının bədbəxt olunmasına şərait yarada bilmərəm.
Narahat olma, Aslan, kateqoriya verdiklərin də kimdənsə futbolçu düzəltməyiblər.
Onların “futbolçu yetişdiririk” düşüncəsi ilə məşq keçdikləri uşaqlar sabahın potensial bədbəxtləridir. Onlardan futbolçu olmayacağını yaxşı bilirsən. Onlar təhsil də almırlar. Yazmağı, oxumağı bilmirlər,
Eynən Ədəhim Nifətliyev kimi. Deməli, sabahın bədbəxtləridir o uşaqlar. Ona görə də narahat olmağın üçün əsas yoxdur, oxumağı, yazmağı bacarmayanlara da kateqoriya verin.
Verin ki, bir tikə çörəyə möhtac qalmasınlar. Belələrinə kateqoriya verilməməyi bizim uşaqları bədbəxt olmaqdan xilas edə bilməz.
Tural Turan

