Dilinə yiyəlik elə də!

25 Fevral 2019 19:00 Köşə 860
Dilinə yiyəlik elə də!

Day mənim heç bir sözüm yoxdu Samir Abasova!

Sözbazdı o.

Qoyasan sözdən söz çıxarsın, altından girib üstündən çıxsın. Deyəsən, bunun üçün gəlib futbola və ciddi bir məqsəd/məramı, plan-projesi yoxdu və bu haqda heç fikirləşmir də.

Ötən gün «Sumqayıt»ı uddular. Doğma kimyaçılar şəhərinə qələbəli dönüş Samir Abasovun ilham pərisini də qanadlandırdı, "son pillədə olmağa hansı komanda layiqdi" sualına belə cavab verdi:

"Kimin layiq olub-olmadığını siz seçin, püşk atın. Bəziləri liqaya təzə çıxıb, nə yatıblar ki, nə də yuxu görələr. İstəmirəm bu sözümü şişirdib, köşə mövzusu edəsiz. Bunları ilin sonunda mükafat almaq üçün demirəm".

Samir Abasova düşmən lazım deyil. Düşməni özüdü, danışdıqlarıdı. Sənə nə, kim yatıb, kim yatmayıb, kim yuxu görüb?

Get, öz işini gör, üzərinə aldığın öhdəliyi yerinə yetir, ol mini qəhrəman. Bəzilərinin liqaya təzə çıxıb-çıxmamasının sənə nə aidiyyatı var, Abasov?

O, yüngülvari qələmə versək, qaşınır. Söz atdığı klub «Səbail»di. Aftandil Hacıyev medalın görünən üzüdü.

«Səbail»in havadarı və idarəçisinin kimliyi, yəqin ki, «quşxana»sının qapısı həmişə açıq olan Samir bəyə də məlumdu.

Bizim tərəflərdə oturduğu ağacın budaqlarını kəsən məxluqa bir az başqa cür baxırlar. İstəmirəm cənab Abasova da o adı xatırdadım.

Sadəcə, gəmidə əyləşib gəmiçiylə dalaşmağın, yaxınlarının yanında kapitanın arxasınca deyinməyin nə qədər böyük səhv olmasını ona anlatmaq istəyirəm.

İşin-gücün qurtarıb, ilişməyə adam tapmadın, gərək elə Abdullayevlərə atmaca atasan? 8000 maaş alırsan, dilinə yiyəlik elə də!

Dilinə görə dilçəyi olan biri bu replikayla gündəmə gəlsəydi, onu hardasa başa düşərdim. Daha Samir Abasov yox da…

Bir oyunu udub deyə, qoltuğunun altı şişib, qarpızlanıb, bostan daşlayır, min budaq silkələyir. «Zirə» daha bir-iki oyun aparsa, qorxuram, ölkənin futbol camiəsinə müharibə elan edə.

Bu yoldaşdan nə desən gözləmək olar. İngilis dilində beləsinə “deadlock” deyilir. Deyəsən, bu, doğrudan da, həlli olmayan problemdi.

ELNUR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer