"Vaxt var idi ki, türklərlə hansısa turnirlərdə qarşılaşanda bizə deyirdilər ki, çox vurmayın”.
Bu sözlər Azərbaycan futzalında saç ağartmış Elman Ələkbərova məxsusdu.
Azərbaycanın U-19 yığması Türkiyəyə 1:10 hesabı ilə məğlub olduqdan sonra “Futbol+” qəzetinə açıqlamasında deyib.
U-19 yığmasının baş məşqçisi Ağatahir Əzimov isə dəhşətli faktlar açıqlayıb: “Məktəb var ki, uşaq yetişsin?
Yoxdur də, mən nə edim? Mənə deyiblər işləmək lazımdır, gedib ordan-burdan yığmışam. Bizdə vətənpərvərlik deyilən anlayış yoxdur”.
Bu iki açıqlama Azərbaycan futzalının rəzil durumda olmasını çılpaqlığı ilə göstərir.
O futzalı deyirik ki, uzun müddətdir Zaur Axundovun monopoliyasındadır.
O futzalı deyirik ki, uzun illərdir bu sahəyə milyonlarla manat vəsait ayrılıb.
O vəsait Azərbaycan xalqına məxsus idi, Zaur Axundovun dədə-babasına yox. Amma Axundov bu vəsaitlə məktəb qurmaq, azərbaycanlı balalarını futzala cəlb etmək, onların peşəkar idmançı, sağlam vətəndaş kimi yetişməsinə yardımçı olmaq əvəzinə, milyonları braziliyalı legionerlərin təpəsinə səpirdi.
Yəqin ki, Zaur Axundov üçün vətənpərvərlik anlayışı elə budur – azərbaycanlılar məxsus olanı əcnəbilərə vermək. Fərqi nədir ki, azərbaycanlılara məxsus olan torpağı satdın və ya sərvəti. İkisinin də adı birdir – xəyanət.
Ağatahir Əzimov Azərbaycanın U-19 yığmasına futzalı tapmaq üçün qapı-qapı düşüb yalvarır. Zaur Axundov isə papağını yan qoyub dik-dik gəzir, özünü əlahiddə şəxs hesab edir, yəqin ki, arada-bərədə vətənpərvlikdən-zaddan da dəm vurur.
Hələ bu şəxsə “Keşlə”ni də “etibar” edirlər. Futzalı “ağ gün”ə çıxartdığına görə. “Keşlə” də məhz onun gəlişindən sonra “ağ günə” qovuşub. Axı kimdir Azərbaycanın vəsaitini əcnəbilər talatdıran belə şəxslərə futbol təsərrüfatında vəzifə verənlər?
Kimdir talançıları, dələduzları klublara, federasiyaya yerləşdirənlər?
Bu şəxslər insanların hissləri ilə elə oynayırlar, elə oynayırlar... Utanmasan, oynamağa nə var ki...
Ağatahir Əzimovun müsahibəsindən sonra utanan adam abrına qısılıb istefa verərdi, hələ bir çıxıb xalqdan üzr də istəyərdi. Abırı olmayanlarda utanmaq hiss də olmur.
Ona görə də belə məğlubiyyətdən sonra da oynayırlar. Həyasızcasına oynayırlar xalqın şərəfi, hissi, ləyaqəti ilə. Xalqı təhqir etmək, ələ salmaq bunlar üçün əyləncə növüdür.
Ancaq belə davam edə bilməz. Bir gün “kəsin bu bayağı musiqini, dayandırın bu arsız oynamağı” deyən tapılacaq. Mütləq tapılacaq.
Bax, onda bu adamların yolu restoranlara, gecə barlarına yox, həbsxanalar yönələcək. Bu, mütləq olacaq. Bu boyda cinayəti görməmək mümkünsüzdür axı...
Tural Turan

