Mahir Şükürovun fil düzəltmək arzusu

22 Fevral 2019 15:36 Köşə 1 193
Mahir Şükürovun fil düzəltmək arzusu

“Qonşularımız siçan boyda iş gördükdə, biz yatmışdıq.

Sonra onların işi böyüyüb keçi boyda olanda da biz yatmışdıq.

Sonra onlar eşşək boyda işlər görməyə başladılar, biz yenə də yatmışdıq. Qonşularımızın eşşək boyda işi irəliləyib camış yekəliyində oldu.

Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə var ki, qonşularımız fil boyda iş görməyə başladılar.

Qərəz, gözümüzü ovxalayıb dedik ki, nə var e, biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə. Axırı nə oldu?”

Dahi Üzeyir Hacıbəylinin məşhur felyetonundandır bu parça. Axırının necə olduğunu da deyəcəyəm sizə.

Amma öncə onu deyim ki, Mahir Şükürov adlı sabiq futbolçu məktəb açmaq istəyir Bakıda. Mahir Şükürov çılxa azərbaycanlıdır. Düşüncəsi, hərəkəti, ideyaları ilə. Və bu çlıxa azərbaycanlı olan sabiq futbolçunun futbol məktəbi açmasında da qəribə bir zad olmamalıdır. Amma...

Amması da odur ki, Mahir Şükürov Bakıda PSJ-nin futbol məktəbini açmaq istəyir. Yəni qonşuya baxıb birdən-birə fil düzəltmək həvəsinə düşüb.

A kişi, sən əvvəlcə bir siçan düzəlt, məsələn, get “Səbail”in, lap elə cəhənnəmə, “Sumqayıt”ın futbol məktəbini yarat, sonra PSJ-nin məktəbini yaradarsan . Əvvəlcə göstər görək ki, siçan düzəldə bilirsən ki, fil düzəltmək istəyinə düşübsən.

Əminəm ki, Mahir Şükürov Üzeyir Hacıbəylinin o felyetonunu oxumayıb.

Və ona da əminəm ki, Mahir üçün Üzeyir Hacıbəyli Üzeyir Mehdizadədən kiçik adamdır. Amma Şükürova demək istəyirəm ki, fil düzəltməyin axırı heç də yaxşı qurtarmır.

Axırı belə oldu:

Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin təzədən başlayaq. Ancaq burasını iqrar eləyim ki, filə gücümüz çatmır.

Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə dəvə. Qərar qoyuruq ki, dəvə boyda işlər qayıraq.

Başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılışıb deyirik, dəvə iridir, ondan balacasını başlayaq. Ondan balaca nədir?

Camışdır. Başlayırıq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağı enirik. Deyirik ki, eşşək boyda işlər görək, amma eşşək bizə güc eləyir.

Tuturuq keçini, görürük ki, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.

Amma onda görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi. Biz belə işlər görürük.

Mahir Şükürovun bu yazını oxumayacağı bəllidir. Bunda qorxulu bir zad yoxdur. Oxumayacaqsa, deməli, Üzeyir Hacıbəylinin bu felyetonundan da xəbərsiz qalacaq.

Heç bunda da qorxulu bir zad yoxdur. Xəbərsiz qalacaqsa, deməli, fil düzəltmək istəyəcək. Bax, qorxulusu budur. Birdən, düzəltdi?!

MƏRDİMƏZAR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer