«Zirə»də vəziyyət daha «urusca» deyil indilər.
Samir Abasovun düyün bağlamış qaş-qabağı artıq bir-birindən 5 sm aralanıb.
Nöşün ki, qolu qüvvətli, ayağı düşərli komandası Premyer Liqanın son 2 turunda 4 xal toplayıb. «Zirə»dən çıxmayan iş, necə olubsa, «Səbail»i uddular, dalıyca da «Neftçi»dən 1 xal qopardılar.
Liderlə qarşılaşmada əldə olunan bərabərlik Samir Abasovun ürəyinə sərin su səpdi. Kefi duruldu, nə duruldu!
Şan-şöhrəti sərhəd tanımayan baş məşqçi mətbuat konfransında gülə-gülə danışmağı, yeni transfer Mqo Kqasvanenin zəif çıxışına don geyindirməyi də içinə sindirdi.
Sitat: "O, bura məşqsiz gəlmişdi. Tədricən düzələcək. Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm” (gülür).
Həmişə üzün gülsün, Abasov! Əsas o deyil ki, bu 1 xal «Zirə»ni turnir cədvəlinin 7-ci pilləsində saxlamadı, lap axıra yuvarlandı.
Əsas odu ki, «Zirə» «Neftçi»ni 2 xaldan məhrum etməklə, liderlik müarizəsini təzədən qızışdırdı, üsütnə benzin tökdü.
Bu arada o da məlum oldu kİ, «Zirə»yə futbolçuları bəyənən və gətirən klub rəsmiləri imiş. Mqo istisnaymış, yoxsa hörmətli Samir müəllim onun alını ayrıca çəkməz, arxasında dağ kimi dayanıb, yarpaqtək əsməzdi.
Abasovun işlətdiyi ifadəni başqa yerə yozmağın əleyhinəyəm. «Zirə» mövsümün sonunda I Diviziona ensə, günahı baş məşqçidə görməyəcəm. Onun uğursuzluqda heç bir payının olmadığını bəribaşdan qeyd edirəm.
Qoy, bilməyənlər də bilsin və Abasovu yerli-yersiz tənqid atəşinə tutmaqdan vaz keçsinlər. Yaxşısı budu, elə bu gün Hacı Əbdülün yanına üz tutub, tövbə eləsinlər.
Qorxub eləyən olmasın. Hacı 5-10 şallaq vurub, sizi dinməz-söyləməz yola salacaq.
Amma yenə də biləcəksiz ki, mayda Samir Abasovun dilinə-dişinə ilişib qalmayacaqsız, gülə-gülə «mən axı demişdim…» deməyəcək.
Hələ bu harasıdı, irəlidə başqa etiraflar da eşidəcək, sözün həqiqi mənasında bayılacaq, bihuş olacaqsız.
Dostum Abasov transfer siyasətini özünün yürütmədiyini söyləyən adamdı. Bir-iki tur sonra desə ki, heyəti və taktikanı da mən müəyyənləşdirmirəm, ona şəbədə qoşub zad eləməyin.
Yavaş-yavaş anlayın ki, o, niyə başqa vaxt digər futbolçuları əsıb-kəsirmiş. Onları özü gətirmədiyi üçün zəif olduqlarını söyləməkdən çəkinmirmiş.
Belə bir etiraflarda bulunmaqdan ehtiyatlanmayan Samir müəllim digər əsl həqiqətləri də faş etməkdən, gün işığına çzxarmaqdan niyə hürksün ki?
Əsl bizim adamdı, mətbuat adamı.
SEYİD

