Vallah, vacibdi, Bordin!

18 Fevral 2019 17:12 Köşə 1 015
Vallah, vacibdi, Bordin!

“Belə hücum futbolu oynayacağıq, belə asacağıq, belə kəsəcəyik”.

Roberto Bordin “Neftçi”yə gələndə, beləcə, püskürürdü havaya köpüyü.

Adam lap məəttəl qalırdı. Ki, a kişi, italyan ola, hücum futbolu oynada. Axı bu adamın məktəbində belə şey olmayıbsa, Bordin harda öyrənib hücum futbolu oynatmağı?

Oynatdığı komanda “Şerif” idi ki, “Qarabağ”la oyunlarda necə hücum etdiyini də görmüşdük axı...

“Avtobus” qurmuşdu komandasının qapısı ağzında. Adamı lap təəccüb bürüyürdü. Elə bilirsiniz, ona inananlar yox idi?

O qədər vardı ki... Azərbaycan futbolunda bilirsiniz nə qədər Hacı Bəxşəli, Hacı Kərim, Hacı Kazım, Məşədi Oruc var.

Əksəriyyəti də idarəetmə sistemində. Belə hacıların, məşədilərin yanında yüz Şeyx Nəsrullah gətir, yüzü də qaz vurub, qazan dolduracaq.

Ölü diriltməklə, hapa-gopa basmaqla. Bordinin də işləri lap əvvəl yağ kimi gedirdi. Eynən Şeyx Nəsrullahın işi kimi.

Çempionatın əvvəlində komandaların fərqli durumda olması Bordinin işinə yaradı.

“Neftçi” hücum futbolu oynamasa da, liderliyə yüksələ bildi. Lider olduğu üçün də çoxlarının yadına düşmədi Bordinin hapa-gopa basmağı.

Budur, artıq Bordinin ölü dirildə bilmədiyi məlum olur. “Neftçi”nin son 4 turdakı oyunlarının nəticələrinə bir baxın. 4 oyundan 2-si 0:0 hesabı ilə başa çatıb.

“Neftçi” nə “Sumqayıt”ın, nə də “Zirə”nin qapısına qol vura bilib. “Zirə”, “Sumqayıt” deyirəm ey sizə!

Hay-hayı gedib, vay-vayı qalan komandalar. Bordini öz silahı ilə vurdular bu autsayderlər. “Qarabağ”a qol vurmaq Bordinin komandası üçün çox asandır.

Çünki “Qarabağ” hücum futbolu oynayır, bu da italyanların futbol fəlsəfəsi üçün əla fürsətdir. Müdafiədə oturub, rəqibi əks-hücumda tuturlar. Vəssalam.

Vay o gündən ki, rəqib müdafiədə otursun. Bax, onda məlum olur ki, Bordin ölü dirildə bilmirmiş. Onun “Neftçi”si 90 dəqiqə müdafiədə oturan komandaya qol vura bilmir ki, bilmir. Bəs hanı sənin hücum planın?

Bəs hanı sənin cinah həmlələrin? Bəs hanı sənin mərkəzi yarma üsulun? Yoxdur belə plan, belə üsul.

Fəlsəfəsi müdafiə futboluna söykənə məşqçilərin belə planı, üsulu olmur, atam balası. Onlar rəqib hücum edəndə əl-qol aça bilirlər.

Fəsildən cəmisi 3 tur keçib, artıq “Neftçi” ilə “Qarabağ” arasındakı xal fərqi birə enib. Cəmisi 2-3 turdan sonra “ağ-qaralar”ın liderliyi təhvil verəcəyi də şübhə doğurmur.

Çünki “Neftçi”nin italyan Şeyxinin hapa-gopa basdığı bəllidir artıq. “Ağ-qaralar” hücum futbolu oynamır.

Bunu 17 oyunda vurulan 29 qol da sübut edir. Amma müdafiəsinə söz ola bilməz “Neftçi”nin. 17 oyunda cəmisi 11 qol buraxıblar.

Ya Şeyx, ancaq müdafiə olunmaqla çempion olmaq isə mümkün deyil. Çempion olmaq üçün qol da vurmaq vacibdir.

Vacibdir, Hacı Bəxşəli, Hacı Kərim, Hacı Kazım, Məşədi Oruc, vacibdir. Vallah, vacibdir, billah, vacibdir!

Tural Turan

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer