Hanı o "Qarabağ"?

18 Fevral 2019 15:00 Köşə 964
Hanı o "Qarabağ"?

«Qarabağ» ciddi düşüş yaşayır.

Bu komanda həminki, həmişə izlədiyimiz «Qarabağ» deyil.. Ötənilki «Qarabağ» da bu «Qarabağ»dan birbaş üstündü.

Yaxşılığa doğru heç nə baş vermir, işartıları da görünmür, Qurban Qurbanov nəyə arxayındı, niyə bu düşüşü görmür, qəribədi.

«Neftçi»nin çempionluq uğrunda mübarizədə bir addım öndə olması rəqabətin Premyer Liqanın qayıtmasına fakt göstərilə bilməz.

Heç kim məndən inciməsin, fikrimcə, «Qarabağ» geriləyib və «Neftçi»nin səviyyəsinə enib. Bu iki klub arasında gedən yarışmaya başqa cür qiymət vermək gülüncdü.

Qurban Qurbanov son 2 «transfer pəncərə»sindən istifadə etməyib. Millidə keçirdiyi bu 1 il ən çox «Qarabağ»a ziyan vurdu.

Fikri orda qaldı, arada zəifləyən, ruhunu itirən, canı ağrıyan «Qarabağ» oldu.

Əvvəlki «Qarabağ» Premyer Liqada bütün rəqiblərini bir ayaqla udurdu. İkinci-üçüncü heyətlə çatan-çatanın qapısını «qol atəşi»nə tuturdu.

Hanı o «Qarabağ»?

Yerini bilən varsa, Qurbanovun da özünə göstərsin, xahiş edirəm.

Riçard Almeyda təzədən qayıdıb. Özünü fəda edir. Abdullah Zubir indi-indi ümidləri doğrultmağa başlayıb. Bir Rəşad Sadıqov, bir də Qara Qarayev - «Qarabağ»dan ötrü bunlardan başqa bir futbolçu heç nə etmir.

Futbol 11 nəfərin meydanda, qalanlarının da ehtiyatda qaldığı komanda oyunudu.

Nə əsas heyətdə yer alanlar, nə də sonradan forma alanlar yaddaşlarda əzəmətli «Qarabağ» kimi qalmış kollektivin bir parçası olduqlarını xatırladır. Sanki umurlarında da deyil yaxın keçmiş naminə savaşmaq.

Qurbanov süpürgəni götürüb, düşürgədəkiləri süpürməli, Suraxanıda yerləşən bazanın qapısının arxasına göndərməlidi.

Tutalım, ardıcıl 6-cı dəfə Premyer Liqanı qazandılar, hə, nə olsun? Bununla nə qaş düzələsidi, nə göz.

«Qarabağ» Azərbaycanı Avropadakı çıxışıyla özünə sevdirib, ümumxalq məhəbətti qazanıb. O zirvəyə qalxmaq min bir məşəqqət bahasına başa gəlib. Onu itirmək isə çox asandı.

«Qarabağ» bu gün bu yolu gedir. Geriyə aparan yolu.

KAMİL

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer