Roberto Bordinin min naxışa dəyməyən yanlışları

17 Fevral 2019 18:58 Köşə 1 067
Roberto Bordinin min naxışa dəyməyən yanlışları

«Neftçi» qış fasiləsinədək belə oynamırdı.

Oynadığı futbolun adını ultramüdafiə qoyub, tənqidləri öz üzərinə çəkən Roberto Bordinin başqa bir problemi üzə çıxıb indi.

İtalyan dalana dirənən oyunun axarını dəyişə biləcək yeni «silah»ını tapmayıb. Vangelis Platellas Bordinin nəzərində həmin «silah» olmağa daha yaxındı, nəinki Canluka Sansone.

Baş məşqçi həmyerlisinə Dario Federikonu unutdurmaq niyyətiylə ağ-qara formanı geyindirib. Açığını deyim ki, Sansone qapanmış müdafiəni yarmağa həvəsli olmasını Zirə stadionunda göstərmədi.

Darionun gedişi «Neftçi»yə bir zərbədi. Ondan sonra bakılıların birinci zonası kəsərini itirib. Braziliyalı sürəti və fərdi keyfiyyətləri ilə tez-tez ön plana çıxmağı bacarmaqla yanaşı, Baqali Daboya irəlidə özünü suda balıq kimi hiss etdirirdi.

Bordinin 2018-ci ilin ən yaxşısı seçilən Mirabdulla Abbasovu Sansonenin Bakıya ayaq basmasından az sonra ehtiyatda oturtmaqla nə demək istədiyini anlayan varsa, mənə izah eləsin.

Sansone hələlik 10-15 dəqiqə forma almağa layiqdi, Mirabdulla nə səhvə yol verib ki, 1 saat kənarda gözləyir?

Bordinə bəzən elə gəlir ki, taktik dühadı, hər qərarı doğrudu. «Neftçi»nin dünən Zirədə 2 xal itirməsinə dair verdiyi şərh gerçəkdən yalan üzərində qurulub.

Səlahət Ağayev keçən tur da komandanı qələbəylə təmin eləmişdi, ötən gün də 1 xalın səbəbkarı oldu.

Göz dəyməsin, əla formadadı. cavanlıq səhvlərindən ibrət almış sənətkar kimi qapısının toxunulmazlığının qayğısına qaldı. Bordin bir daha o əlləri ürəyinə yaxın tutsun, qulağına «mən sənə borcluyam» söyləsin.

Ağayevin ayıqlığı «Neftçi»nin sayıqlığını itirmiş müdafiə xəttini sığortalayır, belədə mən düşünürəm ki, Petro Rakunun transferi göydəndüşmədi.

«Qarabağ» Azərbaycan derbisində «Neftçi»ni müdafiənin mərkəzindən vurduğu qolla cəzalandırdı. «Keşlə» paytaxt derbisində 2 dəfə qola yaxın oldu. Yenə cəbhənin ortasından keçməklə.

Dünən də «Zirə» məhz bu zonadan Səlahət Ağayevi dərin narahat elədi.

Sahə şərtləri həmişə iki komanda üçün eynidi, sadəcə, döyüşməklə qələbə qazanılmır. Bordin bütün rəqiblərə qarşı eyni taktikayla oynamaq inadından əl çəkməsə, «Neftçi» çempionluq yarışında kürəyindən yara alacaq.

Mən bunu burda dedim, 3 tərcüməçisindən biri zəhmət çəkib bu qeyd/anonsumu Bordinə tərcümə eləsin.

SEYİD

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer