«Keşlə» bir qələbəylə iki dovşan vurdu.
Yeni ildən sonra keçirdiyi 3-cü oyunda ilk 3 xalını qaanmaqla həm turnir cədvəlinin son pilləsindən qurtulub, «Sumqayıt»la «Zirə»nin üstünə qalxdı, həm də psixoloji təzyiqi nisbətən azaltdı.
Bu, onlara çox lazım idi. Bıçağın sümüyə dirənməsi pis olur. Tərlan Əhmədov ilk dəfə deyil ki, «bıçaq-sümük» məsələsiylə qarşılaşır.
Zaman-zaman istər AZAL-da, istərsə də «Neftçi»də taleyin sınağıyla üzbəüz qalıb. «Keşlə»də bu baxımdan vəziyyət fərqlidi. Bir az yox. Ümumiyyətlə, çox!
Zaur Axundovun hədəsi qismən öz işini gördü. «Səbail» və «Neftçi»yə məğlubiyyətləri özünə dərd edən Müşahidə Şurasının sədrinin «Sumqayıt»la oyundan öncə apardığı «praflakitik söhbət» işini gördü.
Amil Yunanov hücumçu borcunu yerinə yetirdisə, Rauf Allahverdiyev kobud xətasıyla «Keşlə»ni sevindirdi.
Oyunda hesabı açan Amil Adil Nağıyevin yanlışını keçmiş komandasına bağışlamadı, son saniyələrdə isə simulyasiya hesabına baş hakimi aldatdı.
Elvin Məmmədovun ona toxunuşu sıradan idi, kobduluq deyildi. Sadəcə, Yunanov gözünün önünə sarı vərəqə almağı gətirib, özünü Mehdi Cənnətovun qarşısında yerə sərdi.
Matça 4-cü hakim kimi başlayıb, ayağı zədələnən Rauf Cabbarovu fasilədən sonra əvəzləyən Allahverdiyev qonaqların qapısına penalti təyin etməklə, hər şeyi korladı.
İndi mən təxmin edirəm ki, gənc «fit sahibi» bu səhvi etməsəydi, final fitiylə bərabər «Keşlə»nin paltardəyişmə otağında nələr baş verərdi.
Hesab sabiq «bankirlər»in düşərgəsində sakitlik yarada bilər, ancaq ümumi götürəndə, inanmaq çətindi ki, Z.Axundov razı qalsın.
Doğrudan da, «Keşlə» bir qəpiklik futbol oynamır. Hakimlər bir-iki dəfə onlara simpatiya bəsləyəcək, lakin başqaları Rauf kimi bu səhvləri edib, özünü tankın altına atmayacaq.
Birinci növbədə «Keşlə» özünə, öz oyununa əlac etməlidi, dirçəlməyə cəhd göstərməlidi. Bu tərpəniş komandada çox cüzi hiss olunur.
Con Kamara, Angelo Pena, Valeri Kutsenko kimi legionerlərlə uşaq başı aldatmaq olar, daha Zaur Axundovu deyil…
Hind aktyorlarına oxşayan Pena, ayaqlarını sürüməkdən savayı heç nə etməyən Kamaraya baxanda, Kutsenkoya futbolçu deməyə dilim gəlir.
İkinci hissənin gedişində yaşıl sahəyə çıxandan az sonra cərimə meydançasının düz önündən 7 metrlik qapıya zərbə endirməli olan ukraynalının topu tribunaya fırlatmasını görəndə, əlbəttə, fikirləşirsən ki, real qiyməti 450 dolları keçməyən legionerinki elə budu.
Bir gözü avrokuboklarda qalan «Keşlə»nin qış fasiləsində aldığı futbolçu onlar olmalı deyildi - bunu Axundov bilməlidi və yəqin edirəm ki, artıq bilir.
Premyer Liqanın səviyyəsi nə qədər düşsə də, hələ o dərəcəyə çatmayıb ki, bu cür «şəngülüm-məngülüm»lər «Keşlə»nin şərəfini qorusun.
Özü də ilin-günün bu vaxtında, mövsümün itirilmək üzrə olduğu həssas bir dönəmdə. Bunlar transfer siyasətinin icraçılarının yol verdiyi kobud səhvlərdi.
«Keşlə»ni indiki çağda nə əvvəlki, nə də yeni futbolçular gücləndirə bilər. Turşumuş limonu sıxmaq üçün daha güclü əl lazımdı, o da ki, Zaur Axundovdan qeyrisi deyil.
Müşahidə Şurasının sədri daha oyuna VİP-dən baxmamalı, texniki zonaya yaxın əyləşməlidi. Futbolçular onun nəfəsini, zəhmini və səsini ordan eşitməli, duymalıdı.
Bir halda ki Tərlan Əhmədov da sədrin onlarla bir səhfdə oyunu izləməsinə tərəfdardı, bu məsələnin həlli niyə uzanır, çox maraqlıdı.
Kənardan da görünür ki, komandanın nə oyunu var, nə bir şey. Oyun intizamından söz etməyə dəyməz. Gərək meydandan kənarda intizam olsun ki, bu, yaşıl sahənin içinə də sirayət eləsin, nizamlasın. M
itroviç son dəqiqədə penaltidən qol vurur, onu təbrik etməyə gələn yoldaşlarına çiyin atır, əliylə kənara itələyir: «Keşlə»nin əsl mənzərəsini göz önünə sərən bu epizoddu.
Bir-birindən zəhləsi gedən, hər xırda anlaşılmazlıqdan sonra didişən, mübahisə edən futbolçulara, aydındı ki, tək Tərlan Əhmədov bəs eləmir. Baş məşqçidən çəkinmirlərsə, neyləmək lazımdı?
Zaur Axundov hər dəqiqə başlarının üstündə dayanmalıdı. Dəmiri isti-isti döyərlər. Oyun uduzuldu, paltardəyişmə otağında nə söz deyilsə, gecdi. «Keşlə» axı niyə bugündə olmalıdı?
Axundov qıraqda o hörməti qazanmayıb ki, gəlib bappalaca bir klubda xərcləsin. Leysanda islanmışın yağışdan qorxusu olmamalıdı.
Axundov verməlidi özünü komandanın içinə. Futbolçu sədrin zopasını da, sopasını da 90 dəqiqə ərzində hiss etməlidi ki, qazonu didik-didik eləsin.
ELNUR

