Təkhakimiyyətlilik futbolda uğura aparmır.
Bir aktyorun tamaşası kimə maraqlı ola bilər axı.
Rəqabətsizlik şəraitində inkişaf etməyin qeyri-mümkün olması faktdı.
«Qarabağ» son 5 ilin çempionudu. Qurban Qurbanov ən azı daha 1 dəfə çempionluq kubokunu başı üzərinə qaldırmağı arzulayır.
«Neftçi» imkan versə. Çünki Roberto Bordinin təyinatı və edilən transferlər «ağ-qaralar»ı iddialı duruma gətirib.
Sezonun əvvəlindən bəri zirvədə qərarlaşması və hələ də liderlik qoltuğunu buraxmaması göstərir ki, «Neftçi» bu yoldan çəkilməyəcək, sonuncu turadək savaşacaq.
İndi əsas məsələ liderlərin duelində çempionu kimin və hansı şərtlərin bəlli edəcəyidi: əyani rəqabət, yoxsa qiyabi duel?
Bu daha çox digər komandaların bu cütlüyə sinə gərə biləcəyindən çox asılıdı. Onların rəqabət gücünün artmasına çox ehtiyac var.
Qış fasiləsi də ümidlərin o qədər dərin olmadığını numayiş etdirdi. Üz-üzə rəqabətdə hələlik «Neftçi» həm xal, həm də şəxsi rəqabətdə üstünlüyə malikdi.
Yeri gəlmişkən, qış fasiləsində «Qarabağ» daha çox köhnə liderlərini qaytarmaqla yadda qaldısa, «Neftçi» ilk dəfə italiyalı hücumuçu Canluka Sansoneni Azərbaycan çempionatına gətirməsi ilə hay-küyə səbəb oldu.
Sansone komandanın oyununda dönüş yarada biləcək ad kimi diqqət çəkir və bu da kollektivin daha da etibarlı və inamlı təbirinin güclənməsinə təkan ola bilər.
Qeyd edilənlərlə yanaşı, qarşıdakı 4-cü dövrədəki üz-üzə duel mövsümün şah əsəri olacaq. Lakin bu matçın çempionluğun taleyini həll etmək iqtidarında olması belə, futbolumuza çox şeyə verə bilməyəcək.
Ən yaxşı halda mövsümün "şah oyun"u kimi müvəqqəti müzakirə mövzusu olacaq və sonra yaddaşlardan silinəcək. Mövsüm isə növbəti dəfə futbolumuza böyük qazanc gətirməyəcək.
Yenə klubların avrokuboklarda daha bir həyəcanlı ilinə qədəm qoyub, əldə olunacaq cüzi uğurlardan nəticə çıxarmaq üçün həyəcanlı təhlillərə başlayacağıq.
Liderlərin matçı bir məqamı ilə xüsusi diqqət çəkdi. Qarşılaşma göstərdi ki, azarkeşlər də artıq futbol həsrətindədilər.
Daha doğrusu, futbol aclığı onlara da təsir edir. «Qarabağ»la «Neftçi»nin duelinin ən gözəl məqamı sadiq azarkeşlərin yenə meydanda komandalarını irəli səsləməsi idi.
Bəlkə də təkcə elə buna görə yaşıl meydanda son ümidlər solmur və gələcəyə kökləyir.
Məgər futbolun inkişafına dəstək olmaq üçün bu, yetərli deyilmi?!
ELNUR

