Bu futbolçu tayfası ki var...
Bunlar hamısı bir bezin qırağıdır axı, deyəsən.
Fərqi yoxdur, braziliyalı olsun, argentinalı olsun, rus olsun, ya da elə azərbaycanlı olsun.
Hansı komandaya gedirlərsə, başlayırlar o komandanı tərifləməyə. Ay nə bilim, şərait belə gözəldir, məşqçi əladır, idarəçilər də peşəkardır.
Elə ki, ya vəlvələdən, ya da zəlzələdən, o komandadan ayrılırlar, başlayırlar xeyli eyib görməyə. Elə təriflədikləri o şəraitdən, o məşqçidən, o idarəçilərdən narazılıq edirlər.
Bu futbolçu tayfası ki var, bunlar deyəsən, hamısı bir bezin qırağıdır axı. Biri də elə “Neftçi”dən ayrılıb Koreyaya gedən Dario Federiko.
Bu adam “Neftçi”də oynadığı müddətdə ağzından bir kəlmə narazılıq çıxdımı? Kimisə pislədimi? Kiminsə pişiyinə “bırız” dedim? Vallah demədi, billah demədi.
Amma Koreyaya gedən kimi açıb “gül” ağzını. Neynəmək olar, braziliyalı olmasın, olsun, argentinalı, ya da rus, lap elə azərbaycanlı, futbolçudur ey, futbolçu.
Bu futbolçular ki, var ha...
Ax Federiko, yəqin ki, hazırda Cənubi Koreya mətbuatına verdiyin açıqlamalarda “Daequ”dakı şəraitdən ağız dolusu danışır, ordakı idarəçiləri də peşəkar kimi tərifləyirsən, hə?
Təriflə, təriflə, bilmək olmaz, gün gələr qayıdarsan Azərbaycana...
Onda da tərifləyəcəksən. Ay səni, Dario...
Mərdimazar

