Azərbaycanın yeni baş məşqçisi millimizin taleyindən bərk-bərk narahatlıq keçirən (bəs necə, biz hamımız vətənpərvərik) jurnalistlərin suallarını cavablandırıb.
Jurnalistlərin çox olması Yurçeviçi də möhkəm təəccübləndirib.
Nöşün ki, indiyə qədər Xorvatiya yığmasına görə narahat olan bu qədər xorvat jurnalistə rast gəlməyib axı (xorvatlar nə bilirlər vətənpərvərlik nədi).
Hə, təəccübdən gözləri bərələn Yurçeviç deyib ki, yığmaya inanmalıyıq. Hiss olunur ki, adam özü də vətənpərvərlik hissindən bir qədər kasaddır.
İnanmalıyıq nədir, əə? İnanmaqla yonca bitir? İnanmaqla qələbə qazanmaq olar?
Belə şeylər inanmaqla olsaydı, onda gərək Araz Abdullayev “Everton”un heyətində çoxdan Liverpulu fəth edib, Mançesteri tutub, Madridi işğal etməli idi.
Xorvat zalım oğlu, eşit və bil, “inanmaq” sözü vətənpərvərlərə vız gəlir. Bizdə məsələ belədir: canın çıxmalıdır, qalib gəlməlisən.
Necə? Hə, bir daha xorvat zalım oğlu, bunu bizdən niyə soruşursan ki? Bilsəydik, səni niyə çağırırdıq bura?
Bunu AFFA rəhbərliyi sənə illik məvacibini deyəndə başa düşməliydin. O məvacibdən danışıram ki, məbləği eşidən kimi qulaqların şəklənmiş, gözlərin də bərəlmişdi.
Özün də etiraf edirsən ki, cəmisi 2-3 dəqiqəlik məvacib söhbəti edibsən. Bütün karyeran boyu almadığın vəsaiti sənə təklif edəndə, nə söhbət etməliydin ki?
İndi zəhmət çək, nəticəni də ver. İstəyirsən, inamınla ver, istəyirsən başqa zadınla ver. Azərbaycan çempionatında 2-3 oyun izləyib,
“Neftçi” ilə “Qarabağ”ın heyətindəki oyunçulardan yığma düzəldib uğur qazanmağa inanacaq insan ya sehrbaz, ya Şeyx Nəsrullah olmalıdır, ya da elə sadəcə, şizofrenik.
Xorvat zalım oğlu, onu da deyibsən ki, milli üçün yeni oyunçular axtaracağam. Ayə, harda axtaracaqsan, Gəncədə, Tovuzda, Qazaxda, Masallıda, İmişlidə, Qusarda, Salyanda, Yevlaxda, Lənkəranda, yoxsa ayda, marsda, bəlkə, Cibutidə?
Bəlkə qulağına söz çatıb, Berlinə üz tutacaqsan?
Hə, xorvat zalım oğlu, onu da deyibsən ki, Azərbaycana gələn kimi ilk işin quzu kababının dadına baxmaq olub.
Prosineçki tövsiyə edibmiş. Ağzının dadını bilirmiş Prosineçki. Burda qarşısına qoyulan tapşırığın öhdəsindən gələ bilməsə də, yaman yerlipərəstdir sizin Prosineçki.
Elə sənə də bizləri yaxşı tərifləyib: Get, orda bir dəstə manqurt var, pulları çox, başları yox. Ye kabablarından, iç çaylarından, pulunu qazan, qayıt vətənə!
Xorvatiyaya nə vaxt qayıdırsan, Yurçeviç?
Natiq Muxtarlı

