Ötən ilin dekabrın 8-dən başsız qalan Azərbaycan millisini kimin çalışdıracağı dünən dəqiqləşdi.
Bu posta Nikola Yurçeviç təyin olundu.
Yaxın günlərdə 53 yaşlı xorvatiyalı mütəxəssislə müvafiq müqavilə imzalanacaq. Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsində - "Dinamo"da (Zaqreb) başlayıb.
O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib.
Bundan sonra Slaven Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiya “Lokomotiv”ində, Türkiyə “Beşiktaş”ında və İngiltərə “Vest Hem”ində köməkçi-məşqçi funksiyasını yerinə yetirib. Son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub.
Qurban Qurbanov müəmmalı qarşılıqlı anlaşma şəraitində Azərbaycan milli futbol komandasının sükanı arxasından yola salındıqdan sonra aydın idi ki, baş məşqçi vəzifəsinə əcnəbi gətiriləcək.
Bir neçə nəfərin adı hallandırılsa da, yekun variant kimi Yurçeviçin üzərində dayanıldı. Bakıda iki dəfə səfərdə olub, bir neçə oyunu izləyən mütəxəssislə anlaşma dünən axşam SOCAR-ın inzibati binasında rəsmiləşdi.
Çoxlarına tanış olmayan bu məşqçi uzun müddət Slaven Biliçin köməkçisi olub. «Neftçi"nin Sovet futbolu tarixində ən böyük nailiyyətini qazandığı, Banişevskinin isə SSRİ yığmasının dünya futbolunda ən böyük nailiyyətinə çatdığı 1966-cı ilin 14 sentyabrında dünyaya göz açmış mütəxəssis hələ Yuqovlaviya dövlətinin mövcud olduğu illərdə böyük futbola gəlib.
1984-cü ildə Zaqrebdə peşəkar karyerasına başlayıb. Karyerası ərzində Xorvat klubları ilə yanaşı, Avstriya klublarında top qovub. 1999-cu ildə oyunçuluqdan məşçiliyə başlayıb.
Yurçeviç yığmanın tarixində 16-cı çalışdırıcıdı. Bu məşqçilərdən ikisi – Mahmud Qurbanovla Nazim Süleymanov komandanı əvəzləyici kimi yalnız bir oyuna çıxarıb.
Daha bir mütəxəssis Qyoko Hacıyevski bu posta müvəqqəti təyin edilib. Lakin makedoniyalı 1-2 matçlıq deyil, bir neçə aylıq bu vəzifəni icra edə bilib.
Azərbaycan millisi onun məşqçilik karyerasının ilk böyük addımı hesab oluna bilər. Lakin bu fəaliyyətin heç də asan olmayacağı məlumdu. Hərçənd Biliçin formalaşdırdığı möhkəm komandalarda onun da izi var.
Açığı, millimiz üçün ən münasib seçimlərdən biri kimi qiymətləndirilə bilər.
Fəqət, bu dövrdə onun üçün ən çətini məhx köməkçi imicindən qurtulmaq üçün ilk ciddi addımlarının uğurları daha vacibdi.
Çünki «Dinamo»nun sukanı arxasında o, bir sıra səhvlərə yol verdiyindən, istefaya göndərilsə də, qarşıda tam fərqli status üçün böyük yola çıxmalıdı.
SPORTİNFO.AZ

