"Sumqayıt" Vaqif Cavadovu yola saldı. Bu mövsüm Premyer Liqada 13 oyun keçirən hücumçu cəmi 3 qol vurdu, Samir Abasovu narazı salan aşağı göstərici oldu. Baş məşqçi israr edincə, 27 yaşlı hücumçu qapını arxadan bağlamaq məcburiyyətində qaldı.
Cavadov 2010-cu ildə "Qarabağ"ı tərk edib. O tarixdən 6 il keçib və Vaqif bu müddətdə nə az, nə çox, düz 10 komandanın formasını geyinib. Hollandiya, Rusiya və Türkiyə karyerası uğuru onunla tanış eləmədi. Stiv Maklarenin ayrılması ilə "Tvente"də keçirdiyi günlər qısaldı. "Volqa"da Omari Tetradze ilə bir türlü düz gəlmədi.
"Qaziantep BB" və "Boluspor"da müxtəlif problemlərlə üzləşdi, zədə epidemiyası ilə mübarizə apardı. "İnter" xaricində bir klubda varlığını düz-əməlli hiss etdirmədi. O Kaxaber Sxadadze idi, Cavadovdan istədiyini aldı.
Vaqif "Qarabağ"dan sonra dönəm-dönəm milliyə dəvət aldı. Berti Foqtsun sevimlisi olmuşdu. Almaniyalı baş məşqçi kimə qızsa, əsəbləşsə də, ona güldən ağır söyləmirdi. O da hər iki seçmə mərhələdə Rusiyaya vurduğu qollarla Foqtsun AFFA ilə müqavilə müddətini uzatmasına qarşılıq verdi.
Ötən günləri xatırlatmasaqdı da olardı. Çün Vaqif ötən günlərinin çox gerisində qalıb, bir növ, itib-batıb. Ölkə miqyasında iddialı sayılmayan, turnir cədvəlinin aşağı sıralarında vurnuxan "Sumqayıt"a Samir Abasovun təkidi ilə keçmişdi, elə Samir Abasovun təkidi ilə uzaqlaşdırıldı.
Vaqifin üstündən demirəm, yeri gəldi, deyirəm: Abasov məşqçi deyil, olmayacaq da. Onun bu sahədən anlayışı sıfırdı. Hay-kül salmaqla, qışqırıb-bağırmaqla, çığırmaqla, əl-qol ölçməklə məşqçi olmaq olmur. Qeyri-mümkündü. Abasov məşqçiliyin nəinki sirlərini bilmir, öyrənməyə də cəhd etmir. Hər oyundan sonra futbolçuları barədə bir fikir söyləyən, gah tərifləyən, gah tənqid edən, nə istəməsindən biqafil Abasov "Sumqayıt"ın axırına çıxacaq. Onunla yol getmək ölçüyəgəlməz xətadı və klubun yönəticilərinin bunu bir an öncə başa düşməsi gərəkdi.
Bu xəbərdarlığımızın Cavadova istisi-soyuğu yoxdu, o, artıq papağını qabağına qoyub, öz gələcəyi barədə hərtərəfli düşünməlidi. "Sumqayıt"dan təklif alanda, görünür, fikirləşmişdi ki, burda ulduz olacaq, formada olsa da, olmasa da, hər həftə forma geyinəcək. Məsləhət yenə özünündü, ancaq millini başından çıxarsa yaxşıdı.
Robert Prosineçki nədənsə onu hesabdan silib və böyük ehtimalla, qarşıdakı oyunlara da çağırmayacaq. Yəqinimiz belədi ki, Vaqifin gerçək düşüşü millidən dəvət almamasından irəli gəlir. Prosineçki heyəti açıqlayanda Vaqifin gözü siyahıda ilişib qalır. Adını orda görməyincə, depressiya yaşayır, uzun müddət özünə gəlmir. Bu da istər-istəməz klub performansını dibə yuvarlayır.
SEYİD

