Zaur Axundov Tərlan Əhmədovu Kamran Ağayevə dəyişir

5 Fevral 2019 16:36 Köşə 1 656
Zaur Axundov Tərlan Əhmədovu Kamran Ağayevə dəyişir

Premyer Liqanın XV turunun “Keşlə” – “Səbail” oyununda böyükhesablı nəticə qeydə alındı.

0:3 hesabı ilə uduzan meydan sahibləri klub tarixində 16-cı dəfə 3 və ya daha çox top fərqi ilə uduzdu.

Paytaxt təmsilçisi bunadək 15 matçda böyükhesablı məğlubiyyət almışdı. “Keşlə” öz meydanında 4-cü dəfə ağır yenilgiylə üzləşdi.

Sonuncu belə hadisə 2017-ci il aprelin 16-da “Qarabağ”la görüşdə yaşanmışdı – 0:3.

“Səbail” isə tarixində 2-ci dəfə böyük hesabla qalib gəldi. Hər iki uğuru cari mövsümə təsadüf edən Aftandil Hacıyevin komandasının belə qələbələri səfərdə əldə olunub.

Cari mövsümdə ümumilikdə 9-cu dəfə böyükhesablı nəticə qeydə alınıb. Tərlan Əhmədovun bu halla növbəti dəfə üzləşməyəcəyinə zəmanət yoxdu.

Ola bilsin, bir yox, bir neçə dəfə bu halla qarşılaşsın. Nə qədər ki Kamran Ağayev komandasının qapısını qoruyur, hər cür xoşagəlməz sürprizlə qarşılaşması mümkün və realdı.

Əhmədov barmağını vaxtında dişləmişdi. Demişdi axı, Kamran mənə lazım deyil, «problem ocağı»dı, göndərək getsin.

Hacını eşidən kimdi e?! Özü deyib, özü də eşidir.

Antalya toplanışını vaxtından əvvəl tərk edən Kamrana rəhbərlik qulaqburması versəydi, yaxud baş məşqçinin tələbini yerinə yetirsəydi, «Keşlə» bu rəzilliyi yaşamazdı.

«Səbail»in o qədər də üstün oynamadığı 90 dəqiqəni 3 cavabsız qolla tamamlaması, açığını söyləməliyik ki, Əhmədovun klub daxilində qarşılaşdığı əngəl və maneələrin meyvəsidi.

«Səbail» nə futbol oynayır ki, «Keşlə»ni belə açıq fərqlə rüsvay etsin?

«Səbail» o oyunu oynamır. Sadəcə, «Keşlə»nin içində gedən «oyunlar» Əhmədovu dalana dirəyib. Yuxarı baxır bığdı, aşağı baxır saqqal.

Çərçivə yetərincə dardı və Kamranın «muxtar respublika» statusuna yiyələnməsi baş məşqçinin müvəffəqiyyət qazanması ehtimalını çox aşağı salır.

Zaur Axundov Tərlan Əhmədovun arxasında dağ kimi dayanmayıb. Yarpaq kimi əsənə oxşayır, əslində. Kamrana həddini başa salmaq Axundovun əlində su içmək kimi bir şeydi.

Eləmir də, eləmir! Bu da 2-3 tur ərzində ona gətirib çıxaracaq ki, qapıçı kapitan Mladen Milinkoviçdən sonra Tərlan Əhmədovu da yola salacaq. Müşahidə Şurasının sədri eşitdiklərinə yox, gördüklərinə inanmalıdı.

Əhmədovun Axundova nəyisə sübut etməsinə lüzum yoxdu, o, qazandığını artıq qazanıb. Özü də karyerasının bir neçə ilinə yetəcək qədər.

MŞ sədri nicatını Əhmədovda görərək bura gətirib, zəhmət çəksin, indi də arxasında dayansın, Kamran kimilərinin arxasından iş çevirməsinə göz yummasın.

Yalnız belə olan halda, Tərlan bəy «Keşlə»ni zirzəmidən qurtaracaq.

Gözəl seleksiya edib, bircə o qalıb ki, yeni gətirdiyi futbolçular adaptasiya prosesini tez başa vurub, komandanı ağ günə çıxarsın.

Hörmətli sədr hər şeyi buraxmalıdı zamanın öhdəsinə, Əhmədov mütləq mayda «Keşlə»nin qapısında toy çaldıracaq.

Seymur Əsədov, Vüsal İsgəndərli, Amil Yunanov kimi səviyyəsi göz qamaşdıran yerli gəncləri bu komandaya qazandıran Tərlan bəyə inanmayan daşa dönər!

Xəzər Hikmət

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer