"Zirə" Samir Abasovla ömürlük müqavilə bağlasın!

5 Fevral 2019 11:48 Köşə 985
"Zirə" Samir Abasovla ömürlük müqavilə bağlasın!

Hər gün səbirsizliklə «Zirə»nin saytına bir neçə dəfə göz atıram.

Ki, görüm, o möhtəşəm xəbəri nə vaxt paylaşacaqlar.

Qulağıma gəlib çatıb ki, futbolu dibinədək bilən klub rəhbərliyi Samir Abasovla müqavilənin müddətini indidən uzatmağa hazırlaşır.

Deyilənə görə, təcrübəsi balaqlarından süzülən baş məşqçi ilə əlüstü söhbət də ediblər. Razılığını verib. Daha 5 ilini «Zirə» olunda xərcləməyə hazır olduğunu söyləyib.

Mən buna inanıram. Niyə inanmayım ki?

«Şüvəlan» Pro kateqoriyası ilə fırlanan Adil Şükürovla 5 illik müqavilə bağlaya bilir, «Zirə» yox?

«Kiçik qardaş»ın Şükürovla bu müddətə anlaşdığı halda, «Zirə»li rəsmilərin Abasova ömürlük ömürlük müqavilə təklif etməsi daha doğru qərar olardı.

Yenə özləri bilər. Abasov kimi savadlı məşqçi Azərbaycanda tək-tükdü.

«Zirə» ətəyindən elə möhkeəm yapışmalıdı ki, Samir müəlimdə gözü olan başqa klublar xəlvətə salıb saqqızını oğurlamasın.

«Zirə»nin oyunundan gül-çiçək qoxusu gəlir, ətri burnunda artıq əti olmayanları bihuş edir. Mən hələ ona inana bilmirəm ki, necə olub, yoldaş Abasov 8000 manat maşa işləməyə qol qoyub.

Əşşi, bilirsiz, onun real qiyməti nə qədərdi?

«Sumqayıt»da xaruqələr yaradan məşqçinin «Zirə»dəki məvacibi 80000 manatdan aşağı olmamalıdı.

Düzdü, o, pul davası edən bəzi həmkarlarına tay olmaq istəmir, ona görə də 0-ların azlığına fikir vermir. Bu zatın bütün diqqəti ancaq meydanda, komandasında, futbolçusundadı.

- Komanda tapşırıqlarınızı neçə faiz yerinə yetirdi?
- Sıfır faiz.

Hәr rastıma çıxanda gülmәkdәn ölürәm. Samir Abasovun reaksiyaları lәzzәtlidi dә.

Uzunmüddətli fasilədən sonra Zirəyə dönəsən, açılış oyununda ən prinsipial gizlin rəqibin olan «Sabah»a 2 cavabsız qolla uduzasan, sonra da çıxıb belə bir açıqlama verəsən.. Bəh-bəh!

Bu, Samir Abasov fərqidi. Bir anlıq xəyal edin ki, uduzduğu oyuna belə qiymət verən qəhrəmanımız udarsa, nələr söylər, nələr!

Gəlin qayasını Xustup təpəsinə çırpar, Dəymə ilə Murğuz dağını bir-birinə vurar.

Samir müəllimə ancaq gur-gur guruldamaq, Bəhram Gur kimi nərə çəkmək, haylü-küylü açıqlamalar vermək yaraşır.

«Zirə» neyləyir oyunu, 3 xalı, turnir cədvəlinin dibinə dəmir atması da heç zadı. Əsas odu, çalışdırıcısı söz yarışmasında rəqib tanımır, liderdi.

SEYİD

Store Neftchi
Xəbər Lenti