"Keşlə" əldən gedir: Axundovu sevənlərinə qovuşdurun, Musayev!

3 Fevral 2019 16:22 Köşə 1 254
"Keşlə" əldən gedir: Axundovu sevənlərinə qovuşdurun, Musayev!

"Keşlə" də düşüb «Zirə»nin gününə. «Sabah» «Zirə»nin qəniminə çevrildiyi kimi, «Səbail» də «Keşlə»nin "həyatına oturub"

Aftandil Hacıyev sıradan bir məşqçidi. Adamın dili gəlmir ki, onun ünvanına «mütəxəssis» kəlməsini işlətsin.

Tapışquludu. Komandada sözü ən axırıncı eşidilən şəxsdi. Axırıncı sözü demir a… Ona bu səlahiyyət verilməyib. Eltun Yaqublu və dostları olan yerdə Hacıyev kimdi axı? Sadəcə, buyruqquludu.

Bunu Ramin Həsənov da bilir və istəmir onu. Çünki icraçı direktor olaraq özü də birilərinin buyruqqulusudu.

Amma deyəsən, hələ bir müddət gözləməli olacaq Hacıyevin qovulacağı günü. «Keşlə» kimi komandalar var ikən, Həsənovun Hacıyevin arxasından dəyməsi bir az müşkül məsələyə oxşayır.

… Zaur Axundov artıq PFL ilə «müharibə»yə start verməlidi. Belə olmaz, bir dəfə keçdi, bəsdi.

PFL Axundovun texniki zonada əyləşməsinə icazə verməməklə, «Keşlə»yə olmazın pislik edir. Bu, birmənalı şəkildə «Keşlə»yə qarşı düşmənçilik münasibətinin təzahürüdü.

Nə olsun ki, o, Müşahidə Şurasının sədridi? Klubun yiyəsi futbolçulara yaxın olmaq istəyirsə, bu tələbi yerinə yetirilməlidi. Yəni ki, bunda qeyri-adi heç nə yoxdu, adi haldı.

PFL Axundovun xahişini rədd etməklə, «Keşlə»yə yalnız qurşaqdan aşağı zərbə vurmur.

Eyni zamanda, Avropa Liqasına vəsiqə qazanmaq iddiasıyla yola çıxmış klubu 180 dərəcə əks marşrut üzrə hərəkət etməyə sürükləyir. Bu yol da ki, «Keşlə»ni I Diviziona tərəf dartır.

Ramin Musayevin «Keşlə»yə yazığı gəlirsə, xahişimiz budu ki, qoy, Zaur Axundovun arzusunu ürəyində qoymasın. Bir lisenziyadı da, nə matah şeydi bəyəm e…

Əvəzində Musayev «Keşlə»ni qarğa-quzğunun əlindən almış olar. Bütün futbolçular Axundovun onlarla bir sırada qərar tutmasına tərəfdardı və o günü səbirsizliklə gözləyir.

Yalan deyil, bir şey deyil.

Zaur bəyin özü də müsahibələrində bu məqama bir neçə kərə diqqət çəkib. Axundovun orda olmasıyla «Keşlə» uduzmaq kimi ən zərərli vərdişinin daşını atacaqsa, hörmətli PFL rəsmiləri onlara kömək əlini uzatmalıdı.

Ətlə dırnağın arasına girən iylənib çıxar. İndi Ramin Musayevin üzərinə sevənləri bir-birinə qovuşdurmaq kimi nəcib bir missiyanı yerinə yetirmək düşür.

«Keşlə» əldən gedir, bəy! Mümkünsə, Zaur Axundovu sevindirin.

ELXAN

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer