Həqiqəti, düzü yazmaq asan iş deyir, adamdan hünər istəyir.
Yazırsan, qəbul edən az olur. Yazmırsan, vicdan içini sızıldadır.
Bu, konkret Samir Abasova aid mövzudu, onun işi barədədi. Az qala bizi «Zirə»yə düşmən çıxartmışdılar.
Həmin adamların ağlına keçə yamayaq! Guya uğurunu istəmirik. İstəsək, nə olacaq, istəməsək, nə?
Bunu bir fikirləşən varmı yəni? Olmayacaqmı yəni7
Bu, olan, olacaq iş deyil – Samir Abasovun «Zirə»yə uğur qazandırması. Klub rəhbərliyi bilmirik onda nə görüb, yapışıb ətəyindən, bir addım o yana buraxmır.
Budu, «Zirə» ilk dəfə Premyer Liqa həyacanı yaşayan «Sabah» qarşısında mat və pat vəziyyətini alır. Üçü də Abasov gələndən sonra.
Ayxan Abbasov özünü düzgün məşqçi kimi tanıtmayıb. Yalan boyundandı. Adamı aldatmaq və fırlatmaq bacarığı daxilindədi. Əlqərəz, qeyri-ciddi biridi, sözünü tutmayandı.
Samir Abasovun nə üstünlüyü var ki, ondan sonra onu gətirdilər və hələ də ümid edib gözləyirlər ki, komandanı düzəldəcək? Bu, onun gücü xaricindədi, nəhayət, faktın gözünün içinə dik baxmaq istəmirsizmi, cənablar?
«Zirə»dəki legionerlərin sayı artıq 10-du. Bir ordu qədərdilər.
Abasov hazır olmamaları səbəbindən yeni aldırdığı əcnəbilərin heç birinə dünən forma geyindirmədi, keçənilki heyətlə meydana çıxdı.
Hansı ki, bu futbolçular sezonun ilk yarısında daha «diri» göründülər, uduzduqları oyunlarda belə, rəqiblərdən açıq-açığına geri qalmırdılar. Görürsüz, bu müddətdə geriləyiblər. Hələ bundan sonra lap geri gedəcəklər.
Abasov komandanın optimal formaya düşməsi üçün 3-4 turun gəlib keçməsinin lazım olduğunu deyib durur.
Üç-tur 9-12 xal deməkdi. «Zirə» mövsümün geridə qalan hissəsində elə bu qədər xal toplayıb. Orxan Məmmədovun - klubun sahibinin bir bu qədər də xalın itirilməsinə dözməsi nədənsə mənə inandırıcı gəlmir.
Abasovun da fikirlərind diqqət: sözünün arxasındakı məna budu ki, qovun məni, gedim. İstəyirsə, yola salın da. «Zirə» bundan ağır günü haqq etmir axı.
«Zirə»nin futbolçuları baş məşqçidən kəskin narazıdı. Niyə razı olsun ki? Uduzulan elə oyun olmayıb ki, Abasov məğlubiyyəti onların üstünə atmasın.
Bir dəfə çıxıb etiraf etməyib ki, bəli, günah məndədi, filan-filan səhvlərimə görə komandam yenik düşdük.
Bunun üçün cəsarət, məsuliyyəti öz üzərinə götürmək lazımdı. Mətbuatın sabun köpüyü kimi şişirdib «əntiq»ləşdirdiyi Abasovda bu keyfiyyətlərin birini, bircəcəyini görən varsa, olubsa, bizə də göstərsin.
Yoxdu, vallah, yoxdu!
KAMİL

