Kimin nə deməsindən, hansı fikri ağlında oynatmasından asılı olmayaraq, «Sabah» öz yolundadı.
Yeni ilə əla başlanğıc götürdülər!
Cari mövsümdə artıq üçüncü dəfə «Zirə»nin kürəyini qazona çırdılar. Bu, artıq zəfərdi, nəaliyyətdi!
Düzə düz demək gərəkdi: debütant «Zirə»dən birbaş üstündü və bunu hər dəfəsində isbatlayır. Qəşəng «təcrübə dovşanı» tapıblar.
UEFA-nın məlum qərarı olmasaydı, çox böyük maraqla «Sabah»ı elə bu yay avrokuboklarda izləmək istərdim.
Təəssüf ki, bunun üçün əz gələn yayadək gözləməliyik. Komanda artıq medallar uğrunda vuruşmağa hazır və layiqdi.
Qısa müddətdə bu qədər uzun məsafə qət etmək… Suyu üfürə-üfürə içən «Sabah»ın transfer siyasətində doğru olanları yapmasıdı.
Təmkin Xəlilzadə, Rəşad Eyyubov və Coşqun Diniyev istənilən klubun əldə etmək istədiyi yerli futbolçulardı. «Sabah» onları almaqla xeyli qabağa düşüb.
Və bu, komandanın oyununu gücləndirməklə yanaşı, məşqçi korpsunun müxtəlif taktiki variantları seçmək baxımından əlini gücləndirib.
Eyyubovun son nbqtəni qoyduğu epizodda ağıl dolu vuruşunu qeyd edək, bəsdi. əsəblərin tarıma çəkildiyi o dəqiqələrdə soyuqqanlılıqla qapıya endirdiyi zərbə istənilən oyunun bəzəyi ola bilər.
Sözsüz, Marko Deviçin ötürməsini də vurğulamalıyıq. Ukraynalı bir ötürməylə Rəşadın fərqi artırmasına şərait yaratdı, eyni zamanda «Zirə»nin müdafiə xəttini kökdən saldı.
Penalti qolunu dəqiqə yerinə yetirən, Vüqnar Mustafayevə qırmızı vərəqə aldıran Deviç «Sabah» üçün bir hücumçudan daha artıq biri olmasına şübhə yeri saxlamadı.
Doğrudan da, serb hücumçunun forma geyindiyi oyunlarda «Sabah» bir özgə cür təsir bağışlayır. Daha inamlı, daha inadkar, daha kompakt.
Qarşısında 10 nəfərlə qaldığı rəqibə ərazi üstünlüyünü qəbul etdirmək və qol vurmaq «Sabah»ın oyun planında yeni mərhələyə qoymasının göstəricisidi.
«Sabah»ın önümüzdəki həftələrdə resldən çıxmayacağına, əksinə, üstünə qoya-qoya yoluna davam edəcəyinə əminliyim tamdı.
Görsənir ki, qış fasiləsini boşa verməyiblər, hər mənada dəyərləndiriblər. Yeni futbolçuların gəlişiylə komandada rəqabət yaranıb, əzmkarlıq artıb və əsas heyətdə yer alanlar o formanı asanlıqla təhvil vermək istəmir.
Elşad Əhmədov rəqabət mühütünü qorusun, qələbələrin davamı gələcək.
MUSA

