Futbolçudan futbolçuya fərq var.
Hər bir mənada.
Gərək bəxtin olsun, şansın gətirsin.
Bu, mənə görə, bir nömrəli şərtdi. Karyeranın uğurlu alınıb-alınmaması böyük ölçüdə məhz bundan asılıdı.
Bir gənc futbolçu var, Valeh Seyidov. «Bakı»nın keçmiş icraçı direktoru Yaşar Seyidovun oğludu.
Yaşar Seyidovu buralarda tanıyırlar, Portuqaliyada – Kriştianu Ronaldonun vətənində isə onu tanımırlar. Bu məqamı boş yerə, təsadüfən xatırlatmadım.
Həmin bu Seyidovun oğlu Azərbaycandan min kilometrlərlə uzaqda yerləşən ölkənin II liqasında – «Louletano»da forma geyinib.
Ötən mövsümü orda keçirib və Azərbaycan İqtisad Universitetində təhsilini yarımçıq buraxmamaq məcburiyyətindən geri qayıdıb. Yoxsa bu gün yenə Portuqaliyada idi, bəlkə də başqa bir ölkəyə yollanmışdı.
Tələbə adını qazanmaq naminə vətənə dönən Valehə doğma torpağında sahib çıxan yoxdu. Adım kimi əminəm, o, futbolçu keyfiyyətlərinə görə diqqətdən kənarda qalmayıb.
Allah ona bu istedadı verib. Üzdə olan milli futbolçuların bir çoxu onun texnikasına, sadəcə, heyran qala, həsəd çəkə bilər.
Topla rəftarı incədi, mövqe seçmək bacarığı yerindədi. Ümumiyyətlə, cərimə meydançası daxilində topun ağasıdı.
Top ayağındadısa, az sonra ya qapıdadı, ya da penalti nöqtəsinin üzərində.
Bunlar onun haqda eşitdiklərim deyil, gördüklərimdi. Təəssüf ki, mənim gördüklərimi bəzi nadürüst məşqçilər «görmür», görmək istəmir.
Qorxurlar! Federasiyada əyləşən bəzi vəzifə yiyələrinin qəzəbinə tuş gələcəklərindən. Atasının onlarla münasibəti kəsilib deyə, oğlunun önünə sədd çəkirlər. Açıqca namərdlikdi bu!
Yaşar Seyidov yenə olardı böyük futbolda, bir məşqçinin də cəsarəti çatmazdı ki, Valehə xor baxsın. Amma göz görə-görə bu gün onun istedadını batırırlar.
Üç-dörd il öncəyədək Madrid «Atletiko»sunun skautlarının maraq dairəsində qalan bu hücumçu, necə ola bilər ki, heç kimə lazım olmasın?
Yəni bizim çempionat beləmi inkişaf edib?
Bir tək səbəbi varsa, o da onun Yaşar Seyidovun oğlu olması, atasının klub təsərrüfatından bir qədər kənar düşməsidi.
Vaxtilə millilərin məşqçilərinin «radar»ına düşməməsi «Bakı» ilə federasiyanın münasibətlərində yaranmış soyuqluğa görə idi, hazırda da belə.
Klublar hətta Afrikadan özünü tanımayan, ayağı top tutmayanları legioner adıyla gətirir, burdan-bura Valehə o şansı vermirlər.
Biri belə, ikisi belə, üçü belə… Hamısı belə!
Bu qədər təsadüf olmaz da. Müxtəlif yaş qrupları üzrə çempionatların bombardiri ünvanını qazanmış hücumçuya şans tanımağa ölürlər, ondan imtina emək üçün özlərini axırıncı yola qoyurlar.
Yaramırdısa, portuqaliyalı məşqçilər niyə ona 1 il etimad göstərirdilər? Başları xarabmı olmuşdu? Atasımı tapşırmışdı onlara?
Hazır «material»dı. Sadəcə, inanmaq və şans vermək lazımdı. Bunu isə bizimkilərin heç biri eləmir.
Əllərinin altında ortabab yerli hücumçular az ola-ola.
Yuxarıdan düyməni kim və necə basıbsa, Valehin adı gələndə sanki başlarına göydən yekə bir baş düşür.
Kar və kor olurlar.
Xəzər Hikmət

