Azərbaycanlı Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçilib.
Əla! Sevinmək lazımdır. Bir azərbaycanlının hansısa beynəlxalq təşkilatda vəzifə almasının nəyi pisdir ki?
Amma.
Amma Əfqan Həmzəyevin “Futbol+” qəzetinə verdiyi açıqlamadan sonra sevinə bilmədim. Niyəsini deyirəm. Əfqan Həmzəyev təşkilatın gələcək tədbirləri barədə məlumat verərkən belə deyib:
“2019-cu il sentyabrın 11-15-i aralığında Krımda beynəlxalq tələbə festivalı təşkil olunacaq. Üç idman növü – tennis, futbvoley və mini-futbol üzrə yarışlar olacaq”.
Əfqan müəllim, beynəlxalq təşkilat Krımda yarış keçirir!? Dünyanın bütün beynəlxalq siyasi və idman təşkilatları Krımı Ukrayna ərazisi, Rusiyanı da işğalçı kimi qəbul edir. İndi necə olur ki, bu tələbə təşkilatı Krımda yarış keçirir?
Bu yarış üçün icazə hansı ölkədən alınıb. Təbii ki, Ukraynadan alınmayıb. Deməli, Rusiyadan alınıb. Bu yerdə onu da qeyd edək ki, Əfqan Həmzəyevin baş katib seçildiyi təşkilatın baş direktoru da Andrey Stukalovdur. Rus.
Deməli, bu təşkilat Rusiyanın əlində separatizmi yaymaq üçün bir vasitədir. Və təəssüf ki, separatizmdən əziyyət çəkən Azərbaycanın vətəndaşı Əfqan Həmzəyev də separatizmi yaymaq üçün vasitəyə çevrilib.
Ukrayna Azərbaycanın, Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan işğal olunmuş ərazilərinə qanunsuz gedənləri “qara siyahı”ya salır.
O cümlədən Ukrayna da Krıma qanunsuz gedənləri “qara siyahı”ya əlavə edir. Maraqlıdır, Əfqan Həmzəyev Krıma gedərkən pasportuna möhürü kim vuracaq? Ukrayna sərhədçisi, yoxsa Rusiya?
Bu yaxınlarda AFFA Müstəqil Futbol Federasiyaları Konfederasiyası (CONIFA) adlı bir qurumun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində tanınmayan dövlətlər arasında futbol üzrə Avropa çempionatının keçirilməsinə etirazını bildirmişdi.
Yəqin ki, Əfqan Həmzəyevin bundan xəbəri yoxdur. O da ola bilsin ki, Həmzəyev ümumiyyətlə, Azərbaycan ərazilərinin işğal edilməsindən xəbərsiz olsun.
Xəbəri olsaydı, separatizmi təbliğ edən bir təşkilatın baş katibi olmağa razılaşmazdı. Yəqin ki, xəbəri olandan sonra bu vəzifədən istefa verəcək.
Bağışlayın, Əfqan Həmzəyev, sizi təbrik edə bilməyəcəyəm. Bu, uğurlu təyinat yox, təxribatdır. Özü də Azərbaycana qarşı.
Natiq Muxtarlı

