Deyəsən, millidə doğrudan da "foksyor"a ehtiyac duyacağıq

9 Yanvar 2019 10:48 Köşə 1 046
Deyəsən, millidə doğrudan da "foksyor"a ehtiyac duyacağıq

Milli komanda vardı e...

Hə, baş məşqçisi Qurban Qurbanovun nəticə qazanmadığı kimi yersiz bəhanə ilə göndərildiyi komanda.

Hə, ona daha yaxşı məşqçi axtarırdılar. Nə oldu o işin axırı?

Bizi AÇ-2020-yə çıxaracaq, zirvələri fəth elətdirəcək, dünya səviyyəli, planetar miqyaslı, dəhşətli istedadlı və ən əsası möcüzlük qabiliyyəti olan birini tapacaqdılar.

Yəqin Avropada "İo Kio baba" tapmayıblar, söhbət ona görə gecikir. Bu arada millinin "taleyüklü" seçmə mərhələdəki ilk matçına iki ay qalıb.

O dahi məşqçi nə vaxt gələcək, gördüklərindən ilk şoku nə vaxt yaşayacaq, nə vaxt toparlanmaq üçün içkiyə-falan qurşanıb sonra birtəhər özünə gələcək ki, millini də oyuna hazırlaya bilsin?

Deyəsən, sonda doğrudan da "foksyor"a ehtiyac duyacağıq...

Kosovonun qapımıza vurduğu 4 qoldan biri 3+5 komandalı, tribunasında nə azarkeş, nə də tamaşaçı tapılan, real Bakı birinciliyi Premyer Liqamıza, dəhşətli dərəcədə biabırçı vəziyyəti ilə hətta turnir cədvəlinə baxanda adamı iyrəndirən I Diviziona və dünyanın ən hörmətsiz turniri olan Azərbaycan Kubokuna birlikdə, bir digəri ölkədə futbolu bu murdar vəziyyətə gətirən, başdan-ayağa, yuxarıdan-aşağı, uşaqdan-böyüyə, soldan-sağa, sağdan-sola məhv etməkdə davam edən, bundan əməllicə zövq alan AFFA başbilənləri, üçüncüsü ancaq tapşırıq gələndə dili söz tutan, 5 manatını alıb deyilən "sağlıq"lara barmaq qaldırmaqdan başqa funksiyası, həyat məramı, məqsədi olmayan, özündən sonrakı nəslin uğuruna yalnız paxıllıq və nifrətlə yanaşan, əslində elə ölkədəki ümumi durumun real təcəssümü olan veteranlarımıza, sonuncusu isə hamımıza girdi. Cümləmizin məğlubiyyəti "mübarək"!

KƏNAN

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer