
Futbolda hakimin, oyuna təsiri olduqca böyükdü.
Ola bilsin ki, bu təsir aşkar tərzdə sezilmir.
Ancaq hakim oyunu öldürə də, dirildə də bilər. Təbii, hakimlərin oyunları “diriltdikləri” çempionatlar daha baxımlı olur. Ortada İngiltərə Premyer Liqası nümunəsi var.
Premyer Liqa ona görə maraqlıdır ki, hakimlər futbolçulara oynamaq, mübarizə aparmaq, futboldan zövq almaq şansı yaradırlar.
Azərbaycan çempionatında qış fasiləsi başlayıb. Bu yazıda hakimlərin işi barədə yazacağıq. Görək, oyunu öldürən kimdir, dirildən kim?
Rəhim Həsənovun bunda məqsədi nədi?
14 turda hakimlər futbolçulara 282 dəfə sarı, 20 dəfə qırmızı vərəqə göstəriblər. Sarı vərəqə barədə sonra danışarıq. 20 qırmızı vərəqədən 10-unu iki hakim – Rəhim Həsənovla İnqilab Məmmədov göstərib.
Rəhim Həsənovun idarəçiliyi zaman-zaman mübahisə predmeti olub. Bu hakimdən narazı qalmayan komanda demək olar ki, yoxdur.
Hər kəs də onu, oyuna yersiz müdaxilədə, futbolçulara adi qayda pozuntularına görə vərəqə göstərməkdə ittiham edir. Təbii, belə idarəetmə metodu oyunun sürətini azaldır və deməli, həm də baxımlılığa təsir edir.
Rəhim Həsənovun bunda məqsədi nədir? Özünü kimə sübut etmək istəyir? Futbolçulara “burda məndə varam” demək istəyir belə aqressiya ilə?
Rəhim Həsənov unudur ki, ən yaxşı hakim meydanda görünməyən, oyuna yersiz müdaxilələr etməyən hakimdir.
282 sarı vərəqədən üçdə biri - 90-nı Rəhim Həsənovla İnqilab Məmmədovun payına düşür. Statistika hər şeyi deyir.
Azərbaycan çempionatında az-çox baxımlılığa, sürətə nail olmaq istəyiriksə, ya Rəhim Həsənovla İnqilab Məmmədovun idarəçilik metodu dəyişməli, ya da onların özlərini dəyişməlidirlər. Başqaları ilə.
Bu nəyi öyrənib, o nəyi?
Rəhim Həsənovla İnqilab Məmmədovun hər biri 8 oyun idarə edib. Həsənov 8 qarşılaşmada 6 qırmızı, 42 sarı, Məmmədov isə 4 qırmızı, 48 sarı vərəqə göstərib.
Əliyar Ağayev isə onlardan çox – 10 oyun idarə edib. Ağayev 10 oyunda cəmisi 2 qırmızı vərəqə göstərib, 43 dəfə isə sarı vərəqəsini cibindən çıxartmalı olub.
Buyurun, gör-götür dünyası budu. Əliyar Ağayev Avropada idarə etdiyi oyunlardan, qarşılaşmaya maksimum dərəcədə az müdaxilə etməyi, yəni oyunu diriltməyi öyrənibsə, Rəhim Həsənov öldürməyi əxz edib.
İnqilab Məmmədovdan isə danışmasaq yaxşıdı. Bircə, onun hakimlikdə müəlliminin kim olduğunu bilsəydik...
Əliyar Ağayevə isə tövsiyəmiz budur ki, həmkarları Rəhim Həsənovla İnqilab Məmmədova tərəf baxmasın.
Çünki Ağayev daha da inkişaf etməlidir. Adını çəkdiyimiz həmkarları isə onun futbola baxışını zədələyə, zövqünü korlaya bilərlər.
Orxan Məmmədova baxanda toya getməli Rauf Cabbarov
Hə, gələk digər hakimlərə. Rauf Cabbarovla Orxan Məmmədov da az aşın duzu deyillər. Səhv etmiriksə, Rauf Cabbarov bir müddət İngiltərədə təcrübə keçib axı.
Olmaya, aldadıb hamını. İngiltərə əvəzinə Cibutiyə gedibmiş. Axı İngiltərə təcrübəsi ilə belə idarəçilik uzlaşmır. Cabbarov idarə etdiyi 7 qarşılaşmada 3 qırmızı vərəqə göstərib.
Amma insafən, Cabbarov Orxan Məmmədovun yanında toya getməlidir. Orxan 3 qırmızı vərəqini cəmisi 5 oyunda göstərib ey...
Özü də Cabbarov 7 qarşılaşmada 32 sarı vərəqə göstəribsə, Məmmədov bunun üçün 5 oyunda əlini düz 39 dəfə cibinə salıb.
Dəhşətdir! Belə çıxır ki, Məmmədov, idarə etdiyi oyunlarda komandalar ümumiyyətlə, “futbol oynamayın, qaçmayın, mübarizə aparmayın” göstərişi verir.
Gənclər, Həsənovdan yox, Ağayevdən öyrənin, Diniyevin də haqqını verək
Gənclərdən Rəvan Həmzəzadə ilə Vüqar Həsənlini qeyd etməliyik. Həmzəzadə 7 qarşılaşmada cəmisi 1 qırmızı vərəqə göstərib.
Vüqar Həsənov isə 4 oyunda bir futbolçunu meydandan qovub. Belə davam etsinlər, Rəhim Həsənovdan yox, Əliyar Ağayevdən öyrənsinlər. Bir nəfərin də haqqını verib, yazını tamamlayaq.
Ramil Diniyevin vərəqə statistikasına baxdıqda, onun komandalara, oynamaq üçün maksimum şərait yaratdığı görünür.
Diniyev idarə etdiyi 3 oyunda qırmızı vərəqə göstərməyib, sarı üçün isə əlini cibinə cəmisi 10 dəfə salıb. Orxan Məmmədovun 5 oyundakı göstəricilərinə baxın və Dinyevin haqqını verin.
Futbol mübarizədir. Futbol emosiyadır. Mübarizə, emosiya olan yerdə qismən sərtlik də olmalıdır.
Bu sərtlik olmasa, emosiya olmaz. Emosiya olmazsa mübarizədə baxımlılıq olmaz.
Əziz hakimlər, icazə verin, zor-bəla toplanan bu 8 komandanın iştirakı ilə hərdən-birdən baxımlı, emosiyalı futbol izləyə bilək.
SPORTİNFO.AZ