«Neftçi» ikinci titul uğrunda mübarizəni Sumqayıtda dayandırdı.
Gənclik şəhərində qazanılan 1:0 hesablı qələbənin babalı Sərvərin - Roberto Bordinin boynuna!
İtaliyalı baş məşqçi ona bəslənilən böyük ümidlərin yavaş-yavaş altında qalxır, qalxa bilmir.
O. artıq ikinci dəfədi «Neftçi» tərəfdarını üzür. Biri Avropa Liqasında oldu. Bakıda «Uypeşt»ə 3:0 qalib gələn «Neftçi» Macarıstanda sırf Bordinin taktiki və heyət səhvi üzündən darmadağına məruz qaldı.
Güclü olmayan rəqibə biabırçı məğlubiyyəti həmin vaxt bağladıq Bordinin Azərbaycana yeni gəlməsinə, yerini hələ isitməməsinə, futbolçuları dərindən tanımamasına.
O hadisə yayın əvvəlində oldu, indi isə ilin sonnudu. Aradan kifayət qədər vaxt keçib yəni. Son illərin ən güclü heyəti ilə ölkə kubokunda heç nə edə bilməmək Bordinin ayağındadı və düzü, onun klub rəhbərliyinə nə cavab verməsi bəndənizə maraqlıdı.
İtaliyalı «Neftçi»də olduğu qədər əvvəlki iş yerlərinin heç birində diqqət, qayğı, dəstək görməyib. Burda ondan ötrü əldən-ayaqdan gedirlər, sıraya düzülürlər.
Bilirsiz, nə etməlidi? Ona bu şəraiti yaradanların, bu dəstəyi verənlərin əllərindən və ayaqlarından öpməlidi.
Yarımfinala vəsiqə qazanmaq «Neftçi»nin məqsədi olmamalıydı, ən azından final oynamaq - Bordinin birinci vəzifəsi bu idi.
Lakin o, tələsdi. Futbolçularından daha çox tez tələsdi evə getməyə, istirahət etməyə.
O, özünü yormadı. Yeni ildən sonra iki cəbhələ mübarizə aparmaq barədə düşünmək istəmədi. İki plandan birini ixtisara saldı.
Premyer Liqanın çempionluğundan savayı beynini nə iləsə yormağa can çəkdi. Baş məşqçinin yalnız yol əhvalatı haqda fikirləşməsini görən futbolçuların konsentrasiyasını itirməsi qanunauyğunluqdu.
Qaçırılan qol epizodları, futbolçuların bir-biriylə dialoqu, Anntn Krivotsyuk kimi dünənki uşaqların yaşına yaraşmayan hərəkətləri, hakimlərə «ağıl öyrətməsi» və bu kimi şeylər Bordinin son 1 ayda, ümumiyyətlə, kələfin ucunu itirməsinin, yaxud boş buraxmasının sübutudu.
Daşdan keçən müqaviləsinin cibində olmasına arxalanır, deyəsən. Dəqiq bilir ki, rəhbərlik vaxtından əvvəl sözləşməsini cırıb atmayacaq: təzminat ödəmək var axı sonrasında.
İnsafına, mürvətinə nə gəlib onda?
Onda, belə görürəm ki, bunun mənası haqda heç ibtidai təsəvvür də yoxdu.
MUSA

