Rövnəq Abdullayevə sipər olan baş katib

20 Dekabr 2018 16:24 Köşə 1 059
Rövnəq Abdullayevə sipər olan baş katib

Məsələn, vaxt var idi ki, Azərbaycanın həşəmətli idman mətbuatı Xaqani Məmmədovu məhşər ayağına çəkirdi.

İddia edirdilər ki, Xaqani Məmmədov getsə, hakimlərimiz dünya çempionatının final oyununa dəvət olunacaq.

Xaqani Məmmədov getdi, yerinə də Avstriyadan Frits Ştuxlik gətirildi. Hakimlərimiz heç hara dəvət almadılar. Amma əvəzində odda yanmaz, suda batmaz Zaur Axundov hakimlərin otağına dəvətsiz-filansız soxulub, onları hədələməyə başladı. Hansısa futbolçu hakimin addımlarını ölçmək cəsarətinə düşdü.

O vaxt Xaqani Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevin tənqidlərdən qorumaq üçün sipər idi.

Hakimlərə bütün sifarişləri məhz Rövnəq Abdullayevin futbol təsərrüfatına nəzarət edən rəsmi və qeyri-rəsmi adamları verirdilər. Sifarişi yerinə yetirə bilməyənləri də göndərirdilər gedər-gəlməzə. Tənqid olunan isə Xaqani Məmmədov idi.

İndi Xaqani yoxdur, avstriyalı var. Amma tənqid olunan yenə də Rövnəq Abdullayev deyil, AFFA-nın baş katibi Elxan Məmmədovdur. Rövnəq Abdullayevin mətbuatdakı nökər-naibi indi də belə rəy formalaşdırmağa çalışır ki, guya Frits Ştuxliki Azərbaycana baş katib Elxan Məmmədov gətirib.

Nökər-naibin sifarişli iddialarını qoyun bir tərəfə, qoy bir tikə çörəklərini qazansın. Amma bu avstriyalı sevgisi Rövnəq Abdullayevə xas olan hissdir axı.

Abdullayev bir ara cüdo yığmamızın da baş məşqçisini Avstriyadan gətirmişdi. Ayə, lotular, Peter Zayzenbaheri də Azərbaycana Elxan Məmmədov dəvət etmişdi?

Və sonradan məlum oldu ki, Peter Zayzenbaher pedofil imiş. Ölkəsində neçə-neçə azyaşlını zorlayıbmış, axtarılırmış.

Bir müddət Rövnəq Abdullayevin himayəsi altında Bakıda sığınacaq tapdı. Ancaq ədalət mühakiməsindən qaça bilmədi.

Həbs edildi. Amma Abdullayevin Avstriya sevgisi bitmədi ki, bitmədi. Bu dəfə Hakimlər Komitəsinin sədri vəzifəsinə Frits Ştuxliki (nədənsə, onun soyadını “Julik” kimi oxuyuram) gətirdi.

Və məlum oldu ki, Ştuxlik də cinsi azlığın nümayəndəsidir. Hətta özü ilə Bakıya oğlan rəfiqəsini də gətirdiyi bildirilir.

Olsun, bizdə cinsi azlıqlara qarşı ayrı-seçkilik yoxdur. Hətta onlara “gözün üstə qaşın var” deyən olsa, hüquqlarını müdafiə edəcək xeyli müdafiəçi də var.

Görünür, Rövnəq müəllim Avstriyadan yeni kadr gətirərkən, bu amili nəzərə alıb. Pedofil hara, cinsi azlığın nümayəndəsi hara?

Sadəcə, Rövnəq Abdullayevin rəngli seçiminin zibilinə düşən yenə də baş katibdir. Yazıq Elxan Məmmədov, Frits Ştuxlikin gəlişindən xəbərsiz ol, amma tənqid olun.

Elxan Məmmədov Rövnəq Abdullayevi tənqidlərdən qoruyan son sipərdir. Və o, heç vaxt baş katib postunu tərk etməyəcək.

Bunu məhz Rövnəq Abdullayev istəməz. Elxan Məmmədov getsə, tənqidlərə rəngli seçimlərlə davam gətirmək mümkün olmaz.

Natiq Muxtarlı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer