Axundovu arxasınca aparan Kamran Ağayevin utanmazlığı

19 Dekabr 2018 15:36 Köşə 816
Axundovu arxasınca aparan Kamran Ağayevin utanmazlığı

«Keşlə» kubokun son sahibidi.

Ardıcıl ikinci dəfə kuboka aparan yol «Qarabağ»dan keçir.

Zaur Axundovun komandası ilin son oyununda - dekabrın 20-də sərfəli hesabla revanş almasa, cari mövsümü titutsuz başa vurmaq reallığına boyun əyməli olacaq.

Bu komandanın işləri çempionatda da qaydasında getmir. 14 turdan sonra turnir cədvəlinin təhlükəli zonasında lövbər salıblar. Praktiki cəhətdən Avropaya açılan tək qapı kuboku baş üzərinə qaldırmaqdı.

«Sumqayıt» ötən mövsüm KİÇİK MÖCÜZƏyə imza atmağı bacarmışdı. Səfərdə 0:1 hesabıyla uduzduqları «Qarabağ»ı evdə 2:0 üstələmişdilər.

Həmin «Sumqayıt»ı yarımfinaldan kənarlaşdıran «Keşlə» bu dəfə Qurban Qurbanovu üzməyin yollarını axtarıb tapmalıdı.

«Qarabağ» cari mövsümdə hər iki cəbhədə sonadək varlıq göstərməyi özünə hədəf seçib. Bu mənada bıçaq sümüyə dirənib.

Yuri Maksimovun sərəncamındakı heyətlə Tərlan Əhmədovun ümidinə qaldığı futbolçular arasında səviyyə fərqi böyükdü. Sezar Meza Kolli bir neçə aydı Rumıniyadadı; paraqvaylı yarımmüdafiəçi «Keşlə»nin az qala yarı gücü demək idi. Y

eni baş məşqçi bu cür «kalibirli silah»dan məhrumdu və dualarını boş eləməsə, çətin ki, «Qarabağ» qarşısında bəxti gətirsin. Nə «Keşlə» o «Keşlə»di, nə də «Qarabağ» «Sumqayıt»a uduzan «Qarabağ»dı.

Bir də bu Kamran Ağayev… «Keşlə»nin patronu Zaur Axundov və Kamran Ağayev oyundan sonra hakimlər otağını «işğal etdi».

Hesabın açıldığı epizoddan öncə ofsayd varıymış, amma hücumun davamında künc zərbəsi təyin olunub. yersiz şikayətlərinin başında bu dayanır.

Rahil Məmmədovun fərqləndiyi 65-ci dəqiqəyədək meydana «Qarabağ» hakim idi. Az qol epizodu da yaratmamışdılar. Kamran Ağayev onadək bir neçə dəfə oyuna qoşuldu, komandasının harayına yetişdi. Qeyri-adi heç nə yoxdu bunda.

Qapının toxunulmazlığını təmin eləmək Kamranın borcudu, lakin final fiti çalınanadək öhdəsinə düşəni başarmadı.

Hakimlər səhv qərar vermişdi belə, Rahilin başla fərqlənməsində günahkar Kamrandı!

Elə biabırçı səhv edən qapıçının oyundan sonra hakimlər otağına hücum çəkməsinə, açığını deyim ki, söz tapammıram. Kamranda gör nə qədər sifət var ki, utanmaz-utanmaz hakimlərin üzərinə yeriyir!

Adam sırtılıb. Cəzasızlıqdan harınlayıb! Millinin qapıçısı olmasından sui-istifadə edir, klubların başına zülm açır. Ancaq burda belədi.

Türkiyədə, Portuqaliyada, Çexiyada nazıyla oynamadılar, bir az başını qaldıran kimi hər üç ölkədən qovdular onu.

Çıxışda yol verdiyi xətadan qol yeyən və komandasını uduzduran Kamran gərək utandığından başını yuxarı qaldırmamalıydı. «Keşlə»də hər kəsdən tək-tək üzr istəyib, stadionu ən sonuncu tərk etməliydi.

Mən belə bilmişəm, belə görmüşəm. Kamranın əndazəni aşan yeni «qanun-qaydaları» ilə tanış deyiləm, tanış olmaq da istəmirəm.

Mənə bir üz kifayətdi.

ELXAN

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer