Samir Abasovun gülüş obyekti olmaqdan xoşu gəlir

17 Dekabr 2018 16:36 Köşə 822
Samir Abasovun gülüş obyekti olmaqdan xoşu gəlir

“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Qəsəbə təmsilçisinin çalışdırıcısı 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında aləmi çaxnaşdıracaq sözlər söyləyib.

Sitat: "İndi bizim üçün ən vacib olan şey sakitləşməkdi. Çünki qalib gəlsək də, paltardəyimə otağında təəssüf var. Sanki uduzmuşuq, məğlub əhval-ruhiyyəsi var.

Düşdüyümüz təzyiqdən çıxa, qol imkanlarını, penaltini dəyərləndirə bilmirik. İkinci matça ciddi hazılaşmalıyıq. İndi vəziyyətimiz ürəkaçan deyil. Yaxşı dincəlib çempionata hazırlaşmalıyıq.

Əfsuslar olsun ki, çox xal yığa bilməmişik. Ancaq əlimizi yana salmırıq. Səfərdəki cavab matçında bizi daha çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq.

Penaltini niyə Mirsahib Abbasov vurdu? Futbolda ştatlı penalti vuran deyə bir şey yoxdu. Bizdə 11 metrlik cərimə zərbəsini Pərdis Fərcad-Azad vurur. Ancaq o, həmin anda ehtiyatda idi.

Mirsahib topu çox inamlı şəkildə götürərək zərbəni vurmaq istədi. Bu, futbolçu üçün yaxşı haldı. Lakin kim təminat verə bilər ki, digər futbolçu penaltini dəqiq vura biləcəkdi? İnanıram ki, Mirsahib oyundan qol vurar".

Mən nə qədər istəsəm də ki, Samir Abasovu tənqidlərdən uzaq tutum, o, razılaşmır. Sanki qəsdən belə edir, gülməli danışır, güldürür, özünü gözdən salır.

Abasovun açıqlamasının ilk 4 cümləsi baş məşqçiyə yaraşmır. Bu, hamıya aiddi. Komandanı çalışdıran istənilən məxluq bu kəlmələri dilinə gətirməz. Ağlında nələri dolandırsa belə! Deməməlidi, qurtardı!

Amma Abasov deyir, danışır, qurtarmır. Bu da sübut edir ki, o, həqiqətən medianın məşqçisdi, bəzi həmkarlarımızın əlinə oynayır, başqa sözlə, əldəqayırma məşqçidi.

Qazanan komandanın paltardəyişmə otağında bayram əhval-ruhiyyəsi, qələbəlik, atəşfəşanlıq olmalıdı. Bu, aksiomadı. Təəssüfün içəridə nə işi? Samir bəy nə edəcəyini bilmir - səbəb budu.

Oyunu udan tərəfin düşərgəsində məğlub əhval-ruhiyyəsi yaranırsa, demək ki, futbolçularla baş məşqçi arasında korntakt zəifləyib, bütün bağlar qopub, tərəflər bir-birini görmək, dinləmək belə, istəmir!

Əlbəttə, ab-havanı korlayan Abasovdu. O, o qədər boş-boş danışıb, o qədər özünü gözdən salıb ki… Yazıq futbolçular neyləsin, udanda da sevinə bilmirlər. İçlərindən gəlmir. Çün Samir bəy onları mənəvi cəhətdən qaranlığa doğru aparıb, gedər-gəlməzə göndərib.

İlk vaxtlar legionerlər ondan narazıydısa, çox keçmədi, yerlilər də gəlmələrə qoşuldu. İndi «Zirə»də məmə yeyəndən pəpə yeyənə kimi hamı bu arzuyla yaşayır ki, kaş rəhbərlik bir tədbir görəydi, Abasovu tezliklə göndərərdi «oppalar»a.

Deyəsən, Samir bəyin nə gəldi danışmaqdan, addımbaşı tənqid olunmaqdan, irad eşitməkdən ötrü ürəyi sinov gedir. Paltardəyişmə otağındakı mənzərəni açıqlamaqla özünün acizliyini və əfəlliyini göstərən baş məşqçinin «futbolda ştatlı penalti vuran deyə bir şey yoxdu» iddiası, ümumiyyətlə, ikrah doğurur.

Doğrudanmı, futboldan yerli-dibli bixəbərdi?

Onun futbol biliyinə, savadına, doğrudan da, şübhəylə yanaşıram. Adam bir müddət əvvələdək aran-turanı gəzib-dolaşırdı, Zaqreb «Dinamo»sundan vurub, Madrid «Atletiko»sundan çıxırdı.

Necə yəni, futbolda ştatlı penalti vuran yoxdu? Yazıq Dieqo Simeone… O boyda dahi gör kimə 3-4 saatını ayırıb, qiymətli vaxtını heyif edib.

Uğursuzluqlardan başını itirən Abasovun diqqətinə: futbolda ştatlı penalti vuranlarla yanaşı, ştatlı konkret vuranlar, cərimə zərbəsi yerinə yetirənlər, hətta aut atanlar olur.

Olur yox e, var!

Bu, dünyanın ən nəhəng klubları üçün də keçərlidi, ən gridə qalmışları üçün də. Samir bəy, görünür, Nuh əyyamında qalıb, uhzaq keçmişlə yaşayır.

«Zirə»nin odda yanmaz, suda batmaz prezidenti Natiq İsmayılov gərək özü kimi uğursuz baş məşqçiyə bir yardımda bulunsun: onunçün soyuq duş təşkil elətdirsin. Abasov ayılmalıdı e, yoxsa «Zirə»nin bundan pis günü ola bilməz!

VÜQAR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer