Tüpürdüyünü yalamaq vərdişi

13 Dekabr 2018 19:00 Köşə 1 149
Tüpürdüyünü yalamaq vərdişi

«Azərbaycanlı məşqçilərin mütləq əksəriyyəti niyə hörmət və diqqət görmür» sualına nə vaxtdı cavab axtarırdım.

AFFA Məşqçilər Şurasının sədri Vaqif Sadıqov dünən bu suala mənimçün aydınlıq gətirdi.

Qurban Qurbanovdan sonra millini əcnəbi mütəxəssisin çalışdırmalı olduğunu iddia etməklə. Əlbəttə, bu, onun öz sözü deyil. Vaqif Sadıqov yenə də ağalarının «əlinə oynayıb».

O, boş yerə komitə sədrliyinə gətirilməyib ki… Elxan Məmmədov çox vaxt nə düşündüyünü onun ağzıyla ictimaiyyətə çatdırır.

Haçan və nə söylənməsi lazımdısa, Sadıqov o dəqiqə ortalıqda peydə olur, tutuquşuluq edir və yoxa çıxır.

Yadımdadı, Qurban Qurbanov 1 il öncə milliyə gətiriləndə, Vaqif Sadıqov yerli məşqçilər məktəbinin irilə çəkilməsinin vacibliyi yönündə leksiya oxuyurdu.

Aradan ötən cəmi 400 gündü, komitə sədri sazını artıq 180 dərəcə əks havaya kökləyib. Çünki onu vəzifəyə əyləşdirən zat – BOŞ KATİB belə istəyir.

AFFA 10 ilə yaxındı ki, müxtəlif kateqoriyalı məşqçi kursları təşkil edir. Bu müddətdə 500-ə yaxın məşqçi liseenziya alıb. Onların bir çoxu hazırda da işsizdi.

Vaqif Sadıqovun vəzifə borcudu ki, əli heç yana çatmayanlarola maraqlansın, AFFA rəhbərliyi qarşısında məsələ qaldırsın, problemin heç olmasa bir qisminin həllində yardımçı/vasitəçi olsun.

O, bunu etməlidi, etmir. Görməlidi, görmür. Birdən yiyəsi ipini çəkər, kreslo altından sürüşər, ayaqları qalar göydə.

Eşitdiyimə görə, Vaqif Sadıqov babat iş adamıdı. Bakının bir neçə yerində aldığı evlərin hamısını kirayə verib.

Vaxtilə böyük pullar alıb, it gününə qoyduğu komandalardan qazandıqlarını saymıram. Yeddi arxa dönəninə çatar. Hələ sirli-sehrli transfer bazarlıqları…

Vaqif Sadıqov bu kimi «əməliyyatlar»ın mahir ustasıdı. Süddən çıxan qaşıq olmadığı dəqiqdi. Əsri də yarıladı, məşqçi vizitkasına 1 uğuru belə, düşmədi. Nöşün ki, o olan yerdə xeyir-bərəkət, düzgünlük və halallıq olmaz.

Belə bir «qaradaban»ın Məşqçilər Şurasına sədrlik etməsi əsl azərbaycanlı məşqçilərə söyüşdü. Vaqif Sadıqov həmin posta əyləşməyə ən sonuncu namizəd də deyildi və olmamalıydı.

Dosyesi onun kimi qara ləkələrlə dolu neçə məşqçi var axı. Üç-dörd, uzağı, beş. Fəqət o, daim tüpürdüyünü yalamaq «fərasət»inin hesabına vəzifədədi və təmsilçisi olduğu məşqçiləri ucuza satır, əcnəbilərin ayağının altına uzadır.

Qurban Qurbanovun gedişi münasibətilə «qurbanlıq» kəsir ki, hələ uzun illər boş-boş qırıldadıb, müftə maaş alsın.

VÜQAR

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!