Məğlubiyyəti həzm etməyi bacaran, onunla tez-tez üzə gəlmək istəməyən məşqçi həmkarıyla üz-üzə gəlməyi bacarmalıdı.
Bu bir qürur və sayğı məsələsidi.
Məşqçi duruşu və kolleqasına sayğısı ilə tanınar. Mən Samir Abasovda bu məziyyətlərin, üstünlüklərin heç birini görə bilmədim.
«Zirə» Masazırda «Sabah»ın altında qaldı. Təbii ki, söhbət hesabdan gedir. Cavid İmamverdiyevin son dəqiqə qoluyla yenik düşən qonaqların baş məşqçisi final fitindən sonra birbaşa paltardəyişmə otağına doğru irəlilədi, Elşad Əhmədovu təbrik etməyi özünə yaraşdırmadı.
Deyək ki, o, nə «Sabah»ı komandasından, nə də Əhmədovu özündən güclü sayır. Bəs «Qarabağ» və Qurban Qurbanov?
Abasov bilir ki, nə «Zirə» «Qarabağ»dı, nə də özü Qurbanovun ayağının tozu ola bilər. Qurbanovu təbrik etməmək nədi onda?
Adam özündən bu dərəcədə razı və təkəbbürlü olar yəni? Samir bəy nəyə əsasən fikirləşir ki, hamı onun qabağına qaçmalı, şəninə tərif söyləməli, səhvlərinə göz yummalıdı?
Bu qənaət onda necə formalaşıb, açığı, hələ də tapammıram.
İndiyədək güclü bir klubda çalışmayıb və nəticə göstərməyib ki, söykənəcəyi nəsə olsun. Bir «Sumqayıt»da işləyib və bəllidi ki, məşqçi kimi yetişməsi özündən çox, Kamran Quliyevlə Ceyhun Sultanovun zəhmətidi.
«Zirə»yə gəlməsi də onların xidmətidi. O ikili zamanında sinəsini qabağa verməsəydi, Abasov bəlkə də indi Qusarın hansısa kəndində bağbanlıq edirdi.
İnsanın gözəlliyi, üstünlüyü onun sadəliyində, təvazökarlığındadı. Samir bəy Azərbaycanda 100 məşqçidən biridi, birincisi deyil.
Qurbanovun qazandığı ölkədaxili titulların, avro-zəfərlərin bircəciyini o əldə etsəydi, mən təsəvvür eləməyə çətinlik çəkirəm ki, nə cür aparırdı özünü. Alçaq dağların yaradıcısı kimi ən azından.
Bu cığır Samir bəyi yazxşı yerə aparmır. Bilmirsə, bilsin. Görmürsə, görsün. Qəflət yuxusundan ayılsın. Belə-belə dörd bir tərəflə düşmən olacaq.
«Zirə»ni ağ günə də çıxarmayıb, deyəsən ki, burnunu buna görə yuxarı qaldırıb. Qəsəbə klubunu quyunun dibinə salıb, yenə də görürsən ki, ədasından qalmır.
Mənə hərdən elə gəlir ki, «Zirə»ni qabaqara izləyən uğursuzluqlar elə baş məşqçisinin özündən hədsiz dərəcədə razı olması üzündəndi. Allah təkəbbürlü insanları heç sevməz.
KAMİL

