Hamı yeyir!
İlk dəfə eşitdiyim bu sözlərin anlamını bilmirdim.
Ömrü boyunca müxtəlif vəzifələrdə işləsə də, rüşvət almayan atamı evdəkilər, gələn-gedən bütün qohumlar qınayırdı: hamı yeyir, sən niyə yemirsən?
Bu sözlər uşaqlıqdan qulağımda sırğa kimi qaldı. Ağlım kəsəndən sonra anladım ki, əslində ölkəmizin bütün bədbəxtliklərinin, geridəqalmışlıqlarının təməli rüşvət imiş.
O gün Orxan Fikrətoğlu İTV-dəki verilişində deyir ki, "Sovet dövrü futbolçularımız vətənpərvərlik üçün oynayırdı, pul üçün yox". Hörmətli Orxan bəy həmin dövrdə, çox güman, gənc futbol fanatı olub.
Gerçəklik çox fərqlidi. Təfsilata varmaq istəmirəm, futbolda olan adamlar çox yaxşı bilir ki, o vaxt da, indi də əsas məsələ pul olub. Həmin vaxt kifayət qədər alınan və satılan oyunlar görən və bəlkə də özləri də pul xatirinə nələrsə etmiş İsgəndər Cavadovla Vaqif Sadıqov
Allah şahididi. Qurban Qurbanov da futbolçu vaxtı yetərincə alınan və satılan oyunlar görüb, əminəm, Cavadov və Sadıqov kimi iştirakçısı da olub.
Tüfənglə qazanılan çempionluqlardan tutmuş ağlınıza gətirə biləcəyiniz və gətirə bilməyəcəyiniz hər murdarlığı görüb. Bütün bunların fonunda Qurbanov Azərbaycan futbolunda şəxsiyyətini qorumağı bacaran tək-tük adamlardandı.
Nə qədər əyriliklərə şahidlik eləmiş olsa da, nə qədər fırıldaqlar, yeyinti sxemləri bilsə də, "moşennik" ola bilməyib. Olsaydı, Kosovoyla oyunda belə nokauta düşməzdi.
Qurbanov “moşennik” demirəm, heç olmasa, bir az intuisiyalı olsaydı, Nazarovu, Almeydanı, Dadaşovu, Paşayevi, heç Qarayevi də Kosovoya aparmazdı.
Emin Mahmudovu, Ramil Şeydayevi, Mirabdulla Abbasovu, Cavid İmamverdiyevi, Rəhman Hacıyevi, Namiq Ələskərovu oynadardı.
Kənardan demək asandı. Ən böyük məğlubiyyəti elə Qurbanov aldı. Beynəlxalq arenada göstərdiyi möcüzəvi nəticələr unuduldu, bir anda "zəif məşqçi" oldu.
Daha Qurbanovun o nəticəni hansı büdcəylə göstərdiyi, başqa klubların bu müddətdə daha çox pullar dağıtdığı, yediyi haqda kəlmə kəsilmədi.
Qurbanovun xidmətləri danılmazdı, amma özü dediyi kimi, indi artıq sıfırdan başlamalıdı. Bu şəraitdə də bütün istəyə rəğmən, nikbin proqnoz vermək olmur. Azərbaycan futbolu can verməkdə olan heyvana bənzəyir.
Futbolumuzu bu hala salan kaftarlar isə sanki çoxdan bu anı gözləyirmiş kimidi. Qurbanovun zərərsizlışdirilməsindən sonra işi tam bitirib, "hamı yeyir" deyib daraşacaqlar bu leşə...
Amma futbolumuz hələ canınını tam tapşırmayıb. Azərbaycan futbolunu bu bataqlıqlıqdan, koma vəziyyətindən çıxaracaq kifayət qədər bacarıqlı, savadlı, təmiz, futbolumuzun çirkabına bulaşmamış gənc və müasir kadrlar var.
Qurban Qurbanovun dediyi kimi hamını və hər şeyi dəyişib sıfırdan başlamaq lazımdı. Bütövlükdə futbolumuz kimi Qurbanovun özü bu durumda son günlər sosial şəbəkələrdə geniş yayılmış bir videoda kaftarların hücum çəkib əhatəyə saldığı aslanı xatırladır.
Həmin videonun sonu xoşbəxt sonluqla bitir - aslanın təklındiyini görən başqa bir şir köməyə gəlir və kaftarlar qorxub qaçır.
Bir deyim də var el arasında: "hamı yeyir e, amma azdan-çoxdan nəsə faydalı iş də görürlər". İllərdir futbolumuza rəhbərlik edənlərin beyninə bu deyimin yalnız ilk iki sözü hopub. Haram xoşunuz!
Anar Şabanoğlu

