Samir Abasov tamada olsun!

11 Dekabr 2018 13:24 Köşə 946
Samir Abasov tamada olsun!

«Zirə» keçən sezonun bu vaxtında liderlər qrupunda idi.

Onda baş məşqçi bəyənmədiyimiz Ayxan Abbasov idi.

«Zirə» cari sezonun bu vaxtında yenə liderlər qrupundadı.

Bu, bəyəndiymiz Samir Abasovun baş məşqçi olduğu çağa dəng gəldi.

O «Zirə» ilə bu «Zirə» arasında dağlar qədər fərq var. O «Zirə» medallara iddialı idisə, bu «Zirə» I Diviziona yaxın olan komandalar arasında «lider»di.

Komanda 14 turdan sonra 10 xalla 8-cidi. Premyer Liqada 4-cü ilini keçirən «Zirə»nin bundan ağır günü olmayıb.

Həmişə yüksək yerlər uğrunda döyüşməyə adət edən bir komandanın bu qədər geriləməsi, aşağı dəstənin biraddımlığına yuvarlanması elə-belə məsələ deyil. Təbii ki, məsuliyyəti Abasov daşıyır.

«Qarabağ»a 0:6 hesablı tarixi məğlubiyyət bir yana qalsın, o isə deyir, day bəsdi, mən tamadalıq etmək istəmirəm.

Min dəfə şükür ki, Samir bəy yanlışını azacıq da olsa, anladı və texniki zonada əyləşməyin onluq olmadığını, xüsusən, «Zirə» kimi iddialı klubu çalışdırmağa tələsməyinin mahiyyətinə vardı.

«Zirə»nin sahibi insaf yiyəsidi. Komandanı dibdən-dibə vurmuş birinə qarşı hələ də hövsələsini basır, nə edəcəyini gözləyir, vaxt verir. Əlahəzrət zamanın hər saatı klubun əleyhinə işləsə, ömründən şirin pay alıb aparsa da.

«Zirə»ni bu vəziyyətdən yalnız məşqçi çıxara bilər. O məşqçi ki bütün gücünü mətbuat konfransına saxlamasın, işini texniki zonada görsün, meydançada göstərsin.

Abasov hələ də dərk etmək istəmir ki, o, mediaya nədən ötrü lazımdı və əksər həmkarlarımız hansı səbəbdən onun daim vəzifə başında qalmasını istəyir.

Ona görə yox ki, çalışdırdığı komanda çempionata rəng qatır. Ona görə ki, ağzından çıxan hər kəlmə qalmaqal yaradır, yəni, yazmağa mövzu verir, bir həftə «quraqlıq» olmur.

Tamada hardan yadına düşdü, mənə də maraqlı gəldi. Çempionatda 2 aylıq fasilə yaranıb, elə vaxtıdı, özünü bir o sahədə də sınasın.

«Zirə»də fiaskoya uğrasa da, Zirədə fəaliyyət göstərən şadlıq saraylarına müraciət etsin. Bəlkə hansısa sarayın sahibi bu şansı ona yaratdı, dəvət aldığı məclisi qəşəng apardı və yavaş-yavaş «tutuzdurdu».

Klubun prezidenti Natiq İsmayılovun, onsuz da, əlindən və gözündən bir iş gəlmir. Desin, inanıram ki, yeni peşədə özünı sınamasına köməklik edər.

Futbolda alınmır, qəmi kəm! Tamadalıq da bir peşədi, hər bəndə ola bilmir. Abasov Zirə toylarında məclis aparmağa çəkinirsə, yenə eybi yox, üz tutsun Sumqayıta.

Doğma şəhərində onu azdan-çoxdan tanıyırlar, əlini xəritədə hansı şadlıq evinin üstünə qoysa, oranın tamadası olmağa razılıq verərlər.

Əşşi, nə məcburdu e, məşqçi işləsin?! Bunu ki ondan tələb edən yoxdu axı. Bir var mətbuat konfransında 3-5 jurnalisti əyləndirəsən, biri də var 300-500 nəfərlik məclis əhlini.

SEYİD

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer