Rövnəq Abdullayevin baş tutan baş planı - Və ya Qurban(ın) verilən baş(ı)

10 Dekabr 2018 19:00 Köşə 1 236
Rövnəq Abdullayevin baş tutan baş planı - Və ya Qurban(ın) verilən baş(ı)

Qurban Qurbanovun istefaya göndərilməsi AFFA prezidenti Rövnəq Abdullayevin qurduğu planın tamamilə həyata keçməsini təsdiqlədi.

Rövnəq Abdullayevin futboldan anlayışı olmasa da, intriqaları çox yaxşı bacarır.

Hələ “Neftçi”nin prezidenti işləyərkən sabiq AFFA prezidenti Ramiz Mirzəyevə qurduğu planlar onun böyük intriqabaz olduğunun göstəricisi idi.

Rövnəq Abdullayev o vaxt istəyinə çatmaq, AFFA prezidenti olmaq üçün hətta yığma komandanın, dolayısı ilə Azərbaycanın da maraqlarına zərbə vurmaqdan çəkinmirdi.

İstəyinə çatdı, AFFA prezidenti oldu. AFFA prezidenti postu Rövnəq Abdullayev üçün çirkli vəsaiti təmizləmək üçün bir vasitə olub. Bu vəzifədən yararlanaraq, futbol sahəsinə ayrılan vəsaitin müəyyən qismi “yuyulub”. Söhbət isə milyonlarla dollardan gedir.

İndi mətbuatda AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla qurumun baş katibi Elxan Məmmədovun günahkar çıxarılmasına baxmayın. Bunu edənlər Rövnəq Abdullayevin idman mətbuatındakı nökər-naibləridir. Ağalarını qorumaq istəyirlər.

Ancaq Azərbaycan futbolunun inkişafına birbaşa cavabdeh olan şəxs məhz Rövnəq Abdullayevdir. Məhz Rövnəq Abdullayev 11-12 il əvvəl AFFA prezidenti postunu tutmaq üçün min oyundan çıxırdı. Bu postu tutduqdan sonra hansı oyunlardan çıxacağını da yaxşı bildirdi.

Məhz Rövnəq Abdullayev 2008-ci ildə AFFA prezidenti seçilərkən “məqsədimiz Avro-2016-ının final mərhələsinə vəsiqə qazanmaqdır” vədini vermişdi ölkə rəhbərliyinə. Bu vədi Nə Elşad Nəsirov, nə də Elxan Məmmədov verib. Məhz Rövnəq Abdullayev idi ki, 2016-cı il vədi yerinə yetirilməyəndə, Avro-2020 vədini verdi.

Azərbaycan yığmasına uzun illər əcnəbi məşqçilərin başçılıq etməsini də məhz Rövnəq Abdullayev tələb edib. Onların vasitəsilə çirkli vəsaiti yumaq çox asan idi. Berti Foqtsun vaxtında adi tibbi müayinə üçün də Frankfurta getməyin başqa səbəbi yox idi axı...

Ancaq ötən il “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Rövnəq Abdullayevi çıxılmaz duruma salmışdı. Qurban Qurbanovun nüfuzu onu kəskin tənqid hədəfinə çevirmişdi. Ona görə də bu hədəfdən qurtulmaq vacib idi. Qurban Qurbanov da məhz bu məqsədlə tora salındı, yığma komandaya gətirildi.

Rövnəq Abdullayev yaxşı bildirdi ki, Qurban Qurbanov bu yığma ilə uğur qazana bilməyəcək. Cəmisi bir ildən sonra isə cəmiyyət onu istefaya çağıracaq. Planlaşdırdığı kimi də oldu.

Artıq Qurban Qurbanovun imici dağıdılmışdı, indi onu rahatlıqla göndərmək olardı. Heç Qurban da bu göndərişə etiraz etməyəcəkdi. Çünki yaxşı başa düşürdü ki, yığmada daha bir qalsa, ümumiyyətlə, futbol təsərrüfatından ilim-ilim itirilə bilərdi.

Rövnəq Abdullayev Qurban Qurbanovu istefaya göndərən kimi, nökər-naibinə “yığma komandaya əcnəbi gətiriləcək” xəbərini yaymağı tapşırdı. Bir halda ki, Azərbaycan yığmasının heç bir potensialı yoxdursa, baş məşqçi postuna əcnəbi niyə gətirilsin ki? Ondansa, yığmadan heç bir nəticə tələb etmədən, gənclərdən birinə bu işi tapşırmaq, əcnəbiyə veriləcək vəsait isə regionlarda uşaq futbolu üçün infrastrukturun yaradılmasına yönəltmək olardı.

Ancaq Rövnəq Abdullayevi uşaq futbolunun inkişafı düşündürmür. Məqsəd daha çox pul yuyulmasını təmin etməkdir. Əcnəbi məşqçilərlə isə bunu etmək asandır. Vaxtilə Foqtsun, Prosineçkinin rəhbərliyi altında yığmada oynamış futbolçuların az qala hər biri etiraf edir ki, onlara verilən mükafatın müəyyən qismi sonradan geri alınırmış. Rövnəq Abdullyevin nökər-naibi bu suçu da Elxan Məmmədovun üzərinə yükləmək istəyir. Ancaq bu prosesə Rövnəq Abdullayevin yaxın adamları rəhbərlik ediblər. Gec-tez, bu faktlar cəmiyyətə bəlli olacaq. Hələ ki, Rövnəq Abdullyev səlahiyyət sahibidir, bu məsələni açıb-ağartmağa çəkinirlər.

Bir sözlə, Azərbaycan futbolunda yeganə söz sahibi Rövnəq Abdullayevdir. Başqa heç kim burda göstəriş verə, diktə edə bilməz. Ona görə də, futbolun inkişafı üçün verilən suallar da hansısa Elşad Nəsirova, Elxan Məmmədova yox, məhz Rövnəq Abdullayevə ünvanlanmalıdır.

Bu adama, Azərbaycanda öz əməyi nəticəsində uğur qazanan bir məşqçini – Qurban Qurbanovu gözdən salmaq üçün çox az müddət lazım oldu. İndi bir az dincəlin. Növbədə hansısa əcnəbi var. Amma heç vaxt ümidlənməyin.

Güman etməyin ki, Azərbaycan yığması uğur qazanacaq. Nə qədər ki, Rövnəq Abdullayev AFFA prezidentidir, sizin ümidləriniz heç vaxt göyərməyəcək.

Natiq Muxtarlı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer