Bu, urvatsız yolasalma idi.
Qətiyyən yaraşmadı Qurban Qurbanova.
O, hörməti, dəyəri, sayğını haqq edirdi. İstənilən halda ayrılıq bu şəkildə tarixə keçməməli idi.
Səhv etdilər. Mən, əslində, milli ilə bağlı bu qərarda Rövnəq Abdullayevin imzasını görmürəm. Onun AFFA-nın gündəlik həyatında nə işi, nə rolu var ki, bunda da olsun? Abdullayev dövlət tərəfindən futbola təhkim edilib.
SOCAR-ın prezidentidi deyə, futbolu da ona tapşırıblar. AFFA-ya pul neft şirkətindən gəlir və Abdullayevin əsas işi bu baxımdan rentabelliyi təmin etməkdi. Zira, Rövnəq bəydən başqa heç nə istənilmir və tələb olunmur.
O da ki AFFA-nı tapşırıb Elxan Məmmədova. Bütün çirkinliklərin, iyrəncliklərin başında dayanan baş katibdi.
Bunu bilməyə nə var, Qurban Qurbanovun da, digər məşqçilərin də millidən göndərilməsi planı ona məxsusdu.
İndi Elxanın bayramıdı. 1 illik fasilədən sonra itirilmiş mövqelərini geri aldı. Bütün cəbhə boyu təşkil etdiyi hücum istər əsas, istərsə də aşağı yaş qrupları üzrə yığmaların onun nəzərində 5 qəpiklik məna daşımadığını bəlirlədi.
Qurban Qurbanov bura vəd alıb gəlmişdi. Xahiş-minnət eləməmişdi. Araya vasitəçi salmamışdı. Elçi daşının üstündə oturmuşdular, təkid elədilər, daşı ətəyindən tökdü.
«Qarabağ»da işi zatən başdan aşırdı, milli də əlavə bir yük idi. Qırx dəvənin çəkə bilməyəcəyi yük. Savadına və avtoritetinə güvəni tam idi ki, 1 il əvvəl «okey» verdi, hətta Kosovo faciəsindən sonra da yolundan dönmədi.
Güman elədi ki, kürəyinə xəncər saplamazlar. Axı o, 6 illik KİŞİ SÖZÜ almışdı.
«Vurulacağımı bilməsəm də, bilən kimi idim» - çoxmənalı və qapının uzaq «doqquzluğ»una sancılan reaksiyadı. Qurbanov arxasından iş görənlərin iç-üzünü 1 cümləylə açıb. Deməli olmadıqlarını da sətiraltı dilə gətirib.
Elxan Məmmədovun nəfsinin quludu. O, AFFA-nın keçmiş günahlarıdı, çıxıb futbolumuzun qabağına.
İmam Əli buyurub (ə.s) ki, tamahkardan zəlil adam yoxdu.
Şəhadət gətirirəm ki, Qurbanova qarşı bu tərixi səhvi edənlər, Azərbaycan futbolu qarşısında xidmətlərini dananlar, əleyhinə səs verənlər zillətə düçar olacaq. Allah gec edər, amma güc edər!
VÜQAR

