Gündəm yenə dəyişdi.
Əslində, Sportinfo.az belə bir hadisənin baş verəcəyini hələ günlər öncə, konkretləşdirəsi olsaq, noyabrın 30-da anons etmişdi.
«AFFA Qurbanovu millidən uzaqlaşdırmağın yolunu tapdı – İKİ ŞƏRT və GİZLİ SİYAHI» başlıqlı xəbərdə (http://sportinfo.az/news/47520) İcraiyyə Komitəsinin iclasında bu haqda ətraflı bəhs olunmuşdu.
Yazdıqlarımız az əvvəl öz rəsmi təsdiqini tapdı. Bu barədə qərar AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı keçirdiyi iclasında açıqlandı.
Qurbanovun istefa ilə bağlı açıqlamasına diqqət yetirək: “Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı. Klub və millidə çalışmağımın səhv olduğu bildirildi.
Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədi ki, hər zaman çamadanın yanında olmalıdı. Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi.
Mən millini “Qarabağ”dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim. Bura gələrkən, belə olacağını təxmin etmişdim.
Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam.
Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək. Biz sıfırdan başlamalıyıq.
Futbolumuzda çatışmayan cəhətlər yoxdu. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı.
Mən milli ilə klubları bir-birindən ayırmadım., öz işimi vicdanla gördüm, ona görə də indi rahatam. Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək.
Bura (AFFA İcraiyyə Komitəsinin iclasına) gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindi. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım.
Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər. Əlavə fikir söyləmək istəmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdı".
Q.Qurbanov millinin ardından AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefa verməyi qərara alıb. O deyib ki, komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər.
Lakin Q. Qurbanov bütün diqqətini klubuna yönəldəcəyini vurğulayıb: "AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Burdan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun".
Bax belə… Amma belə deyil. Qurbanov iclasda baş verənlərə bağlı detallara varsa da, biz artıq bəzi önəmli məlumatlar əldə etmitşik.
Öyrənmişik ki, onun yığmadan ayrılmaq fikri olmayıb. Əgər Qurban bəy iş yerindən getməyə hazırlaşsaydı, bugünlərdə bir sürü AFFA rəsmisi ilə birgə İrlandiyanın paytaxtı Dublinə - AVRO-2020-nin püşkatma mərasiminə yollanmaz, adınca seçmə mərhələdə qarşılaşacağımız rəqiblər barədə danışmazdı.
Biz onu tanıyırıq axı – hansı işin məsuliyyətini öz üzərinə götürdüsə, qırdıqaçdı eləməz, kayutu sonuncu tərk edər.
İndi isə o, millidən ayrılır. İsveçrədə yaşanan hadisələrin təfərrüatına varacağıq. Hələlik isə İcraiyyə Kosmitəsinin bugünkü iclasında olanları diqqətinizə çatdıraq.
Birinci qeyd edək ki, son illərdə ilk dəfə olaraq İK tam tərkibdə, yəni 11 üzvün iştirakıyla bir araya gəlib. Topa güllə qoyan vəzifəsini yenə də Elxan Məmmədov yerinə yetirib.
Baş katib millinin son 1 ildəki çıxışı barədə danışarkən, Millətlər Liqasında Kosovoya məğlubiyyəti, bununla da komandamızın qrupdan çıxa bilməməsini xatırladıb.
Məmmədovun söylədiklərini Rövnəq Abdullayev də təkrarlayıb. Daha sonra Qurbanova mədəni formada «get, «Qarabağ»da çalış» deyilib.
Bu, o deməkdi ki, istefa qərarı Qurban bəyin özünə aid deyil. O, istefaya göndərilib! Fikri və son sözü soruşulmadan.
Təbii ki, şəxsinə qarşı bu cür etinasız münasibətdən sonra Qurbanov komitədə - öz sözü olmayan, «danışan kukla»ya çevrilənlərin yanında əyləşə bilməzdi…
AFFA-nın nümayəndə heyətinin tərkibində Dublindəki püşkatmaya yollananlardan birinin verdiyi məlumata görə, tədbirdən əvvəl və sonra R.Abdullayevlə Q.Qurbanov Millətlər Liqasının yekunlarıyla əlaqəli geniş söhbət edib.
İkinci millinin hazırkı vəziyyətini əks etdirən fikirlər səsləndirib, çıxış yollarını göstərib, səbəblər içində klubların zəifləməsini, Premyer Liqanın səviyyəsinin kəskin düşməsini göstərib.
Həmçinin qeyd edib ki, respublikanın daxili futbol həyatında canlanma baş verməsə, yəni, AFFA Premyer Liqanı gücləndirmək yönündə tədbirlər görməsə, yığmadan uğrulu nəticələr gözləməyə dəyməz, çünki bunlar bir-birinə bağlı prosesdi.
Adullayev saydığını saysın, görün, Elxan Məmmədov nə sayır! Baş katib İK-nin iclasınadək AFFA prezidentiylə təkbətək görüşə bilib. Bir sözlə, onu «doldurub» və bu da nəticəsi…
SPORTİNFO.AZ

