Azərbaycan AVRO-2020-nin seçmə mərhələsindəki bütün rəqibləri ilə daha əvvəl qarşılaşıb.
Qrupun ən güclüsü sayılan Xorvatiya ilə indiyə qədər 2 dəfə üz-üzə gəlmişik.
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan ilk matçda Osiyekdə bu rəqibə 0:6 uduzan yığma Bakıdakı qarşılaşmada 1:1 hesablı heç-heçə etməyi bacarıb.
Milli Uelslə 6 dəfə qarşılaşıb. Bu görüşlərin hamısı rəsmi xarakter daşıyıb. 5 matçda uduzan yığmamız 1 heç-heçə edə bilib.
Yeganə xal DÇ-2006-nın seçmə mərhələsində qazanılıb. 2004-cü ilin 4 sentyabrında Bakıda baş tutan qarşılaşmada komandalar hərəyə 1 qol vurub, 1 xal əldə edib.
Slovakiyaya qarşı da 6 rəsmi oyun keçirən milli bunların 5-də məğlub olub. Qrupdakı rəqiblərlə duellərdə yeganə qələbə də məhz slovaklar üzərində əldə edilib.
Bu, DÇ-2002-nin seçmə mərhələsində baş veribb. 2001-ci ilin 6 iyununda Bakıda keçirilən qarşılaşma komandamız 2:0 üstün olub.
Macarıstana qarşı 4 rəsmi, 1 yoxlama matçı keçirən millimiz bunların hamısına məğlub olub. 5 görüşdə macarlara cəmi 1 qol vurmaq mümkün olub.
Qrup rəqiblərinə qarşı 19 matçda millimiz ümumilikdə 1 qələbə qazanıb, 2 heç-heçə edib. 16 qarşlaşmada komandamız uduzan tərəf olub. Bu matçlarda 6 qol vuran komanda, 44 dəfə mərkəzə dəvət olunub.
Bu qrupda futbol oynamadan, taktiki düşüncə tərzinə yenilik etmədən, strateji hədəfləri əvvəldən doğru müəyyən etmədən mübarizə aparmaq mümkün deyil. Üstəlik, ənənəvi yarış formatını unutmaq lazımdı.
Çünki əvvəlki illərdən fərqli olaraq, turnir daha sıx oyun qrafiki ilə qurulub. Millini formalaşdırmağa, taktiki seçimi etməyə Qurban Qurbanovun cəmi 1 ay vaxtı qalıb.
Əgər turnir başlanana qədər təkcə rəqiblərin öyrənilməsi deyil, həm də optimal qərarlar verilərək, potensial kadr ehtiyatı ilə iş qurulmalıdır. Heyətin komplektləşdirilməsində, ən azı, iki fərqli format üzərində dayanmaq lazımdı.
Əlbəttə, püşkdən dərhal sonra Qurban Qurbanovun bu istiqamətdə verdiyi açıqlamalara çox güvənmək istərdik. Çünki qiyməti obyektiv verib. 2018-ci il ərzindəki təcrübə sözlə əməlin tərs mütənasib olduğunu göstərir.
Bu səbəbdən artıq heç bir güzəştə yol vermədən baş məşqçinin seçimini, həmçinin qış hazırlığı dövründə gedişlərinə qiymət vermək lazım gələcək.
Onun ötən ilin əvvəlində axtarışlar adı ilə keçdiyi yol, əslində, məğlub komandanın təməlini qoymuşdu. Bu qrupda rəqiblərə hətta evdə belə qalib gəlmək çətin olacaq.
Bizim üçün çətin ram edilən üslubları ilə yanaşı, hər birinin möhkəm heyəti var.
Psixoloji məqamı da qeyd edək: bu rəqiblərdən indiyə qədər yalnız birinə – Slovakiyaya bir dəfə qalib gəlmiş Azərbaycanın qalan hallarda ən yaxşı nəticəsi heç-heçədi.
Oyun baxımından da o matçlarda heç bir ümid işıbı olmayıb. Lakin zaman dəyişir və tarixin təkərini də əks istiqamətə döndərməyə başlamaq lazımdı.
Sadəcə, Slovakiya üzərində o qələbəni də bir daha xatırlamağa, baxmağa və öyrənməyə dəyər. Çünki bu rəqiblərlə yeganə uğuru gətirən həmin matç həqiqətən belə komandalara qarşı necə oynamaq lazım olduğunu öyrədir.
Bu dərsləri nəzərə alıb qeyd edək ki, seçmə turnir gələn ilin martında başlanıb noyabrında başa çatmalıdı.
VÜQAR

