Rober Piresin Bakıya qoyduğu qədəmlərinə və artıq üstündən xətt çəkdiyi unudulmaz nazik saqqalına and olsun ki, millimiz Avro-iyirmi-iyirminin seçmə qrup mərhələsində özünü cıra-dağıda, dağa-daşa vura, cümlətanı 3 xal qazanacaq.
Lap meydana Məmmədov cənablarının “lyubimıy” kadrları da çıxsa, başqa nəticə mümkün olası iş deyil.
Bunu bir yerə yazın, tamaşanın premyerası çox möhtəşəm gündə - Novruz bayramında olacaq.
“Niyə də yox”la Robert Prosineçkinin qarnını bəsləyən federasiya geridə qalan illər ərzində məgər Rövnəq Abdullayev əfəndinin “iyirmi-iyirmi” arzusunu reallaşdırmaq üçün həqiqi inkişafa meylli hansısa addımı atdı ki, siz də indidən qrup müzakirələri açıb mütəxəssis rəyi soruşursuz?
Kişilər, cənablar, bəylər, qardaşlar, lap elə bacılar, sözün yaxşı mənasında özünüzü arada küləyə verin, eşiyə boylanıb pəncərədən aydın səmanı görmək daha məqsədəuyğundu, həm də xeyirlidi. Nəinki utopik düşüncələrlə özünüzü aldatmağınız.
Mən bəndəniz sizi əmin edir və sidq ürəklə deyirəm ki, Azərbaycanın futbol üzrə milli komandası “AÇ-2020”nin seçmə mərhələ oyunlarında fiaskonun bütün əcabəti ilə yaxından tanış olacaq.
Təbii, katibbaşı Elxan əfəndi Çeferinlə bir hoqqa çıxarmasa. Əstəğfirullah, iddia eləmirəm ki, sloveniyalı sarışın qitə çempionatının Bakıda da keçiriləcək bir neçə oyunundan ötəri Məmmədova şirin vədlər verəcək. Həyatdı da Zaur...
Bugün-sabah baba olacaq Nani perspektivli saydığımız Qara Qarayevin qılçalarının arasından keçib qocamız Rəşadın başının üstündən tullanaraq torumuzu cırırsa, Maltanı uda bilmiriksə, Kosovonun isə qabağından o ki var yeyiriksə, vallahi-billahi, toba, bizim Avropa çempionatının final mərhələsindən danışmağımız elə bizim özümüzə xəyanətimizdi.
Xorvatiyadan, Uelsdən, Macarıstandan, lap elə inkişafdan qalan Slovakiyadan üstün olacıq? Yandırdım bir siqara, qoymaram sönə daha...
Qurban Qurbanovun əlində sehrli çubuq olmadığını keçən il də demişdim. Millətlər Liqası bunu əyani şəkildə təsdiqlədi. Demirəm, “Qarabağ”ın hocası səhvlər eləmədi. Elədi, özü də lap çox. Elə millinin baş məşqçisi olmağa razılaşmaq xətanın birincisi və ən böyüyüdü.
Bəziləri medianın Qurbanovu tənqid etmək cəsarətində olmadığını da iddia edir. Əmbə mənə fərqi yoxdu, ta əzəldən. Yalan deyib böhtan atdığımı kimsə düşünə bilməz. Bir şey ki, Qurban Qurbanovun yerini dünyanın ən ünlü məşqçisi tutsaydı, nəticə yenə sıfır olacaqdı. 2 vurulsun 2, bərabərdi 4.
Ölkədə futbolun inkişafının uşaq futbolundan, bölgə futbolundan keçdiyini hamı anlayır. Elə federasiyanın binasında oturanlar da. Nə yazıq ki, AFFA rəhbərliyi bu istiqamətdə heç bir əməli addım atmır, iş görmür.
İş görməkləri bir yana, üstəlik olan-qalanı da məhv elədilər. Bu gün regionlarda futbol sıfırın altındadı.
Regional Futbol Liqası ilə irəli getmək, yerli uşaq yetişdirmək, xaricə futbolçu ixrac eləmək mümkün olan iş deyil. Adı həvəskar - formatı həvəskar, elə yekunu da həvəskar olacaq.
Odu ki, sabah Rövnəq Abdullayev federasiya prezidenti postundan getsə, yerinə Elvin Əhəd gəlsə, dəyişən bir şeyi görməyəcəyik.
Çün o “qara bina” viruslardan təmizlənməlidi. Hansı ki, bu yoluxucu “xəstəlik” qurumun artıq 85 faizdən çoxunu əhatə edir. Di, hələlik...
Elvin ƏHƏD

