O Qurban Qurbanovu bağışlamayın!

3 Dekabr 2018 15:36 Köşə 1 064
O Qurban Qurbanovu bağışlamayın!

Qurban Qurbanov “Domokl qılıncı” idi.

Asılmışdı Rövnəq Abdullayevin başının üstündən.

“Qarabağ” avrokuboklarda uğur qazandıqca, bu qılınc də itilənirdi. Komanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanandan sonra isə elə kəsərli oldu ki, Rövnəq Abdullayevin boynunu bircə zərbə ilə kəsmək olardı.

Artıq təhlükə real idi. Adam başının üstündən asılmış iti qılıncın qorxusu altında nə qədər yaşasın ki? Əsəb, stress yaradırdı “Qarabağ”ın uğuru Rövnəq Abdullayevdə. İctimaiyyətin təzyiqi də günü-gündən artırdı.

“Qarabağ” uğur qazana bilirsə, yığma komanda niyə nəticə vermir” sualı başının qaxıncı olmuşdu AFFA rəhbərliyinin. Cəmiyyət öz sualına “deməli, idarəetmədən və idarəçilərdə asılıdır hər şey” cavabını da özü verib, ürəyini ağzına gətirirdi AFFA funksionerlərinin. Bu bəladan xilas olmaq lazım idi.

Məhz “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə etdikdən sonra “Domokl qılıncı”ndan - Qurban Qurbanovdan xilas olmaq üçün Azərbaycan millisinin baş məşqçi postuna da Qurban Qurbanovu gətirdilər.

Ancaq bu Qurban o Qurban deyildi. Azərbaycan yığmasının baş məşqçisi Qurbanın əsas missiyası “Qarabağ”ın baş məşqçisi Qurbanı nüfuzdan salmaq idi. Onsuz da Azərbaycan yığmasında indiyə qədər kim işləyibsə, qınaq yiyəsi olub.

O mütəxəssisin heç bir nüfuzu olmayıb. Qurban Qurbanovun da belə aqibətlə üzləşəcəyi bəlli idi. Amma əsas məsələ “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu “öldürmək” idi. Öz qılıncını öz başına endirməklə.

Cəmisi bir il bəs etdi. Bir il ərzində Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu nüfuzdan salmaq üçün cani-dildən işlədi. Bununla da, Azərbaycan cəmiyyətində “bizdə də futbol ola bilər, bizdə də mütəxəssis var, biz də nəticə əldə edə bilərik” ümidini öldürdülər.

AFFA prezidenti Rövnəq Abdullayev məmnundur. Daha başının üstündən “Domokl qılıncı” asılmayıb. Daha ictimaiyyət onu ittiham etmir. Daha insanlarda ümid-zad yoxdur. Hamı əmindir ki, bizdə futbolun olmamağı elə genetik kodumuza bağlıdır, Abdullayevin idarəçiliyinə yox.

Üstündən bir müddət də keçsin, Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov postundan qovulacaq da. Həmişə belə olur, sifarişçi sifarişi yerinə yetirəni də aradan götürür. Daha onun xidmətinə ehtiyac qalmırsa, varlığı da təhlükə törədir axı...

Bax, beləcə, cəmisi bir ilin içində Rövnəq Abdullayevin Qurbanı “Qarabağ”ın baş məşqçisi Qurbanı gözdən saldı.

“Qarabağ”ın baş məşqçisi Qurbanı həmişə müdafiə edəcəyəm. Siz də edin. Amma Azərbaycan yığmasının baş məşqçisi, Rövnəq Abdullayevin Qurbanını heç vaxt bağışlamayacağam. “Qarabağ”ın baş məşqçisi Qurbanı gözdən saldığı üçün. Siz də bağışlamayın!

Natiq Muxtarlı / Sportinfo.az

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer