«Neftçi» yarıyoldan dönməyəcək.
Bu, artıq dəqiqdi və görünən kəndə bələdçi axtarmağa lüzum qalmayıb.
Nə də olmasa, qış çempionluğunu təmin ediblər və bu, son 7 ildə ilk dəfədi. Oynatdığı futbol bəyənilsə də, bəyənilməsə də, rəqəm dünyanını saatı Roberto Bordinin lehinə işləməkdədi.
İtalyan dədə-baba fəlsəfəsinə sadiq qalmaqla, məqsədin yarısını yerinə yetirib və indi demək düzgün çıxmaz ki, o, niyə müdafiə futboluna sitayiş edir.
Bu da ouun yanaşmasıdı və ehtiram göstərilməlidi. Turnir cədvəlindən görünür ki, «Neftçi» zirvədədi - səhv kurs komandanı bura gətirib çıxarmayıb.
Masazır olayı, əslində, «Neftçi»nin lehinə oldu. Bunadək söz-söhbətlər kluarları başına götürmüşdü. Ay nə bilim, hakimlər «Neftçi»ni qabağa çəkəcək. Ay nə bilim, cart olacaq, curt olacaq.
Sözün açığı, Rəhim Həsənova təşəkkür düşür bu mənada. FİFA referisi əyani surətdə nümayiş etdirdi ki, hakim zümrəsinin «Neftçi»nin ətrafında sıx birləşməsi haqda yayılan məlumatlar həqiqətdən uzaqdı.
Düzdü, İnqilab Məmmədov kimi 1-2 hakimin ürəyi «Neftçi»nin yanında ola bilər, amma bu da hamıya şamil olunmamalıdı. AFFA Hakimlər Komitəsinin sentyabr ayında bir əldən başqa ələ keçməsini «Neftçi»ni iqtidar edəcək MƏXMƏRİ İNQİLABın bir parsası kimi görünlər tələsib.
«Neftçi»nin Həsənovun briqadasından şikayəti əsaslı və doğrudu. Uzun illər Xaqani Məmmədova tələbəlik eləyib, gəl ki, ustadından pambıqla baş kəsməyi öyrənməyib. Əlindəki küt ülgücün səsi o qədər hündürdən çıxdı ki, sədası respublikanın dörd bir tərəfinə yayıldı.
Bordin özünə görə bir «qurd»du. Həsənovun kəntöy idarəçiliyi klub rəhbərliyini əlavə söz-söhbətlərdən canını qurtarıb, əksinə, əks-hücuma keçməsinə zəmin yaratdısa, italyan komanda daxilində arzuladığı sferanı formalaşdırmaq cəhətdən «kozır» əldə elədi.
Bordinin futbolçularına «baxın, bizim özümüzdən başqa istəyən yoxdu, özümüz-özümüzə yol açmalı, bir-birimizlə dost olmalı, məqsədə doğru birgə yürüməliyik» deməsi üçün zaman indidi.
Bir kollektivi birləşdirəcək və kökləmək nəsə bir hadisə yaşanmalıdı, o da yaşandı. Həm də necə yaşandı!
MUSA

