Şarliz Teron və Kianu Rivzin baş rollarını oynadığı "Şirin noyabr" filmi Saranın xərçəng xəstəliyinə tutulduğunu öyrəndikdən sonra sevgilisi bunu bilib əziyyət çəkməsin deyə ondan ayrılması və vəfat etməsi ilə bitir.
Çox acı bir noyabrı geridə buraxdıq. Futbolumuz sanki bədxassəli xərçəngin 4-cü mərhələsindədi, müalicəsi, ümid yeri yoxdu.
İllərdi Azərbaycan futbolunu sevməklə ömrünü çürüdən azarkeşlərə də yazığı gəlmir. "Unudun Azərbaycan futbolunu, o sizi sevmir!" deyən də yoxdu...
Ara qarışıb, məzhəb itib. Elxan Məmmədovla Qurban Qurbanovun çox iyrənc formada müharibə apardığı deyilir. Futbol tariximizin ən vacib oyununda legionerlərimizin bütün dəyərlərə xəyanət etməsi ittihamı səslənir.
Amma Azərbaycan adının, bayrağının, milli formasının bu legionerlər üçün nə dərəcədə dəyər olduğu müzakiəyə açıq mövzudu...
Çox təəsüf ki, dəyərli idman jurnalistləri iki cəbhəyə bölünüb. Dəyərsizlər də bilmir it hürən tərəfə getsinlər, ya işıq gələn tərəfə.
Bədbəxtlikdən işıq gələn tərəfin də elektrik xəttləri sıradan çıxmaq üzrədi, qısaqapanmanın sonu zülmət qaranlığa işarədi.
Məmmədovların Mənsimovların qapılarında "bir kısmat çörək" üçün sutkalarla yatanlar yavaş-yavaş futbolda pulun bitdiyini anlayır. Amma hələlik son enerjilərini bir-biri ilə mənasız mübahisələrə, çirkab içində batmış antifutbol adamlarının tərəfini tutmağa xərcləyir. Sonda süzgəcdən keçənlərin gerçəkdən dəyərlilər olacağına ümid etməkdən başqa çarə yoxdu.
Anlanılması gərəkən gerçəklik nə Elxan Məmmədovun, nə də Qurban Qurbanovun heç bir jurnalistə ömürlük sponsor olmayacağı.
Şəxsi intriqalarda üstünlük qazanmaq məqsədli "dostluq" epizodik və müvəqqətidi. Peşə ağa "ağ" qaraya "qara" deməyi tələb edir. Əks halda hansı mənəvi haqla ağzını açasan?!
Milli komandada futbolçulara verilən mükafat pulların AFFA rəhbərliyi tərəfindən mənimsənilməsi ilə bağlı Elhad Nəzirinin iddiası cinayət tərkibli ittihamdı.
Eyni zamanda, legionerlərimizin Kosovoyla oyunu satması ilə bağlı yazılanlar. Bu məsələlər dərindən araşdırılmalı və AFFA-nın baş katibi Elxan Məmmədov bu ittihamlara ətraflı cavab verməlidi!
Məşqçilik istedadını ciddi şübhə altına salan son iki beynəlxalq oyunla bağlı Qurban Qurbanov üstüörtülü sözlərlə jurnalistləri və azarkeşləri yola verməməlidi!
Hər şeyi açıq danışmalıdı. Legionerlərdən şübhələnirsə bu şübhələri dilə gətirməlidi. Öz səhvlərini nədə gördüyünü deməlidi.
Bəli, Qurbanov Azərbaycan futbolunu keyfiyyət cəhətdən yeni səviyyəyə çıxartmış adamdı. Şəxsiyyətinə hamı hörmət edir, hətta sevir.
Amma AÇ-2020 xəyalının niyə puç olması ilə bağlı ətraflı danışmalı, problemlərin nədən qaynaqlandığını dərindən izah etməlidi.
Elxan Məmmədovun avroliqa finalının və AÇ-2020 oyunlarının Bakıya verilməsində müstəsna xidmətləri var.
Bəlkə də Millətlər liqası da məhz millimizin Bakıdakı AÇ-də iştirakı üçün düşünülüb və bunda da Elxan müəllimin əməyi olub. Amma istənilən halda noyabrın acı nəticələri ilə bağlı ictimaiyyətə ətraflı açıqlama verilməlidi!
Nə Elxan Məmmədov, nə də Qurban Qurbanov toxunulmaz şəxsdi.
Bəli Qurban bəy Azərbaycana ÇL qrupu bəxş edən adamdı, Elxan müəllim Avropa Çempionatının final mərhələsinin oyunlarını Bakıya gətirir. Amma onları və ümumiyyətlə heç kimi bütləşdirmək lazım deyil.
Necə deyərlər, günahın öz yeri, savabın öz. Nə Qurban sevgisi, nə Elxan sevgisi gözləri bağlamamalıdı!
Sosial şəbəkələrdə qurbansevərlərlə elxansevərlərin söz atışmaları ortaya çox iyrənc mənzərə çıxarır.
Azərbaycansevər, futbolsevər, ədalətsevər olub "Bəs bundan sonra?" sualına doğru cavab axtarmaq əvəzinə mənasız "Qurban-Elxan" mübahisəsi gedir. Hamının yazdığı bir-birini qıcıqlandırır və s.
...Zaman-zaman 4-cü mərhələdə olan xərçəngin də müalicəylə tam sağaldığını eşidirik. Ümumiyyətlə, deyilənə görə, xərçəngin müalicəsi çoxdan tapılıb.
Amma farmasevtika mafiyası milyardlarla qazancı itirməmək üçün dünyanın bu bəladan xilas olunmasına imkan vermir.
Anar Şabanoğlu
Xüsusi olaraq Sportinfo.az üçün

